
Bakı. Trend:
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”
çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu
universitetlərinin bakalavriat, magistratura və doktorantura
səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı
müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə
15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil
edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121
proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota
çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət
sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid
balları tətbiq edilə bilər.
Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet
ixtisas sahəsi ilə yanaşı, “Mədəniyyət və incəsənət” sahəsi üzrə də
bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu
istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil
müəssisələrinin sayı artırılıb.
Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk
10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura
səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin
dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə
diqqət etməyinizi xahiş edirik.
Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola
bilərsiniz:
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının
əhatə etdiyi universitet və proqramların siyahısı

