
Bakı. Trend:
Artıq yer üzündə bu ikihərfli sözdən əzəmətli heçnə yoxdur:
Su!
Nağıllarda, dini rəvayətlərdə sudan qorunmaq üçün nəhəng gəmilər
tikilirdisə, bu gün nəhəng anbarlar yaradıb suyu qorumağa
məcburuq.
Bəli, alimlərin illər əvvəl verdiyi qorxunc proqnozlarla
üz-üzəyik: XXI əsrin ən böyük problemi sudur. Şirin su təkcə böyük
şəhərlərin deyil, ovuc içi boyda kəndlərin də bəlasına
çevrilir.
Bu quraqlıq, susuzluq bəlasına bu gün, demək olar, bütün dünya
mübtəla olmaqdadır.
Artıq su anlayışı iqlim, ekoloji problem kontekstindən çıxaraq
geosiyası çağırışa çevrilib. Bu gün su, daha-doğrusu susuzluq
dövlətlərarası, qitələrarası müzakirə predmetidir. Su ehtiyatı olan
regionlar bir zamanlar qızıl, almaz ehtiyatları ilə zəngin
torpaqlar qədər əhəmiyyət qazanıb. Çünki bu gün dünyada 2,2 milyard
insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir, ən dəhşətlisi
isə budur ki, dünya əhalisinin yarıdan çoxu, yəni 4 milyard insan
ildə ən azı 1 ay ağır su stressi yaşayır. İnsan artımı, iqlim
dəyişikliyi, sənayenin inkişaf gedişatı artıq bu proqnozu fakta
çevirməkdədir: 2050-ci ilə qədər daha 1 milyard insan ekstremal su
qıtlığı yaşayacaq.
Bir zamanlar filmlərə mövzu olan, çoxlarına fantastik görünən su
müharibələri artıq reallığa çevrilir. Bəşəriyyət dəhşətli bir
dramla üz-üzə qalmaqdadır. Su resurslarının çatışmazlığı ucbatından
ölkələr arasında gərginliklər artıq göz önündədir. Ötən il
Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə
səbəb oldu. Dünya artıq su müharibələrini yaşamaqdadır. Nil çayı
hövzəsindəki ölkələr arasındakı gərginlikləri də bura əlavə etsək,
problemin miqyası ağır bir startı işarə verir.
Azərbaycan dünyanın ən bol resurslu regionlarından birində –
Qafqazda yerləşsə də, Qafqaz da artıq susuzluq problemləri ilə
üz-üzə qalmaqdadır. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazın
ən az su resurslarına malik ölkəsidir. Cənub qonşumuz olan İran
artıq dəfələrlə susuzluq barədə həyəcan siqnalı səsləndirib. Bu da
o deməkdir ki, susuzluq problemi bütün qüvvəsi ilə
güneyimizdədir.
Azərbaycanın qarşısındakı susuzluq probleminə diqqət etdikdə ilk
pozitiv mənzərə dövlətin zamanında bu problemə xüsusi diqqət
ayırması, susuzluğun qarşısının alınması üçün davamlı strateji
addımlar atmasıdır.
Prezident İlham Əliyevin onillər əvvəldən su problem
mövzusundakı çıxışlarına nəzər saldıqda görünür ki, ölkəmizdə su və
meliorasiya problemlərinin həlli, əhalinin içməli su ilə etibarlı
təminatı dövlətin müəyyən etdiyi əsas prioritet
istiqamətlərdəndir.
20 il əvvəl 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev su
təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv
layihələrlə bağlı Prezident sarayında keçirdiyi müşavirədə su
təchizatını qarşıdakı illərdə xüsusi diqqət tələb edən əsas
problemlər siyahısına salmışdı.
20 ildən artıq davam edən silsilə dövlət diqqəti sayəsində
Azərbaycan bəşəriyyətin bir nömrəli probleminə – susuzluq
probleminə qarşı uğurlu layihələrlə sədd çəkməyi bacarır.
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron
yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin
təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə
su problemi ilə bağlı həyata keçirilən layihələrdən söz açılarkən
20 illik bir konsepsiya göz önünə gəlir.
Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dörd
böyük su anbarı inşa edilib. “Taxtakörpü” və “Şəmkirçay” su
anbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin su
təminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı və
Oğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı su
təminatının əsas dayaqlarına çevrilib. “Ceyranbatan” su anbarı və
sutəmizləyici kompleksi tam modernləşdirilib.
Qlobal iqlim dəyişikliyi, yağıntıların azalması və suya
tələbatın artması fonunda su çatışmazlığı riski güclənib.
Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 75%-i ölkə
xaricində formalaşır ki, bu da məsələni strateji və həssas edir. Bu
səbəbdən su ehtiyatlarının sistemli idarə edilməsi, itkilərin
azaldılması, rəqəmsal nəzarətin gücləndirilməsi əsas hədəf kimi
müəyyən edilib.
Azərbaycan Cənubi Qafqazın ən az təbii şirin su ehtiyatına malik
ölkəsi olması ilə yanaşı 30 ilə yaxın mövcud su mənbələrinin
təxminən ¼-i işğal altında olub. Bir qərinəyə yaxın zaman kəsiyində
Azərbaycan təkcə su ehtiyatlarının 25%-dən məhrum edilməyib, həm də
Ermənistanın su terroruna məruz qalıb, su anbarları dağıdılıb, çay
sularının kortəbii istismarı nəticəsində təbii axınlar quruyub,
çayların flora və faunası məhv olub.
İşğala son qoyulandan sonra isə azad olunan ərazilərdə təkcə
iqtisadi, sosial, mədəni infrasturuktur deyil, eyni zamanda təbii
resursların bərpası istiqamətində də aktiv layihələr həyata
keçirilib.
Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarət
bərpa olunduqdan sonra “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”,
“Köndələnçay”, “Zabuxçay” su anbarları yenidən qurulub, “Həkəriçay”
və “Bərgüşadçay” su anbarlarının tikintisi planlaşdırılıb. Bu
ərazilərdə formalaşan su ehtiyatları ölkənin ümumi su
təhlükəsizliyində mühüm paya malikdir.
Bakıda və Abşeron yarımadasında mövcud su və kanalizasiya
infrastrukturu əsasən 1980-ci illərdə formalaşdığından artan əhali
və yaşayış məntəqələrinin fasiləsiz su təminatı, kanalizasiya
əhatəliliyi, yağış sularının idarə edilməsində problemlər
yaradırdı. 12 yanvar 2026-cı ildə keçirilən müşavirədə diqqətə
çatdırılan önəmli məqamlardan biri də Bakının kanalizasiya və yağış
sularının idarə olunması problemi idi ki, bu məqam da 2026-2035-ci
illəri əhatə edəcək müfəssəl dövlət proqramında həllini
tapacaq.
Bakı kimi şəhərlər üçün ən vacib problemlərdən olan fasiləsiz
içməli su ilə təminatın 70%-dən 95%-ə çatdırıacağı proqnozu
müşavirədə müzakirə edilən dövlət proqramının fundamental dayaqlar
üzərində hazırlandığından xəbər verir.
Dünyanın bir sıra ölkələrinin artıq gecikdiyi bu böyük problem
Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub və bu
səbəbdəndir ki, geosiyasi sima qazanmış su probleminə qarşı
Azərbaycan dövləti dolğun və əhatələnmiş proqramla çıxır.
Sistemli həllin nəzərdə tutulduğu dövlət proqramının əhatəsi
çərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50%-dən 95%-ə
çatdırılması, su təsərrüfatında itkilərin 40–45% səviyyəsindən
təxminən 20%-ə endirilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı
idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası
həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində
yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv
yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın
risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası
yaradılacaq.
Son olaraq, daha bir önəmli məqama diqqət edək: bir zamanlar
paradoksal deyimlərdə yer alan “dəniz suyunu içmək” ifadəsi də məhz
sözügedən dövlət proqramı çərçivəsində reallığa çevrilir. Abşeron
yarımadasında ölkə tarixində ilk dəfə olaraq dəniz suyunun
duzsuzlaşdırılması zavodunun tikintisi planlaşdırılır.
Azərbaycan dövləti susuzluq probleminə qarşı zamanında strateji
addımlar atır, vətəndaşlar da artıq XXI əsrin dünyasında
yaşadığından suya münasibətini israf-qənaət tərəzisində bir daha
nəzərdən keçirməlidir. Unutmamalıyıq ki, artıq bəyəriyyətin ən
faydalı neməti nə qızıl, nə platin, nə də neftdir. XXI əsrin ən
qorunmalı resursu sudur.
Sərdar Amin

