
Bakı. Trend:
ABŞ-də San-Fransiskodan olan startap – “GRU Space” Ayda ilk dəfə
olaraq otellər tikməyi planlaşdırdığını elan edib. Plana əsasən
artıq 2032-ci ildən etibarən həmin otellərə Yerdən turistlər
göndəriləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat
yayılıb.
Şirkət məqsədlərini belə əsaslandırır ki, son illərdə yüklərin
orbitə çıxarılmasının dəyəri “SpaceX” şirkətinin fəaliyyəti
sayəsində əhəmiyyətli dərəcədə azalıb.
“GRU Space” şirkətinin gözləntilərinə əsasən, kosmosa yüklərin
göndərilməsi bazarda artan rəqabət hesabına, o cümlədən “Blue
Origin” şirkəti və digər ölkələrdə öz qaytarıla bilən raket
layihələrini həyata keçirən çoxsaylı startaplar vasitəsilə daha da
ucuzlaşacaq.
İlkin mərhələdə otellər turistlərlə birlikdə Ay səthinə
çatdırılacaq; bunlar iki-dörd nəfər üçün nəzərdə tutulmuş şişirdilə
bilən modul olacaq. Şirkətin iddiasına görə, ildə üç uçuşun həyata
keçirilməsi şərti ilə hər turist üçün qiymət 416 min dollar təşkil
edəcək.

