Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub.

Trend xəbər
verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev dövlətimizin başçısına Ağdərənin Baş planı barədə məlumat
verdi.

Bildirildi ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444
hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün
şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş
planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı
yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar
daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar,
aqroturizm, sənaye və logistika zonalarının yaradılması
planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci
mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də
hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması,
həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin,
840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası
planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər
mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək
şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və
küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu
isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və
yaşayış binalarının memarlıq həlləri də işlənilib.

Baş planla tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və
göstərişlərini verdi.

X X X

Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün
nəzərdə tutulan yaşayış binaları da istismara verilib.

Bildirilib ki, Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları
üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülüb. Dörd və beş
mərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı,
24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların
ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün
bütün şərait yaradılıb. Mənzillər su, qaz, elektrik enerjisi,
internet, həmçinin mebel dəstləri ilə təchiz edilib. Binaların
ətrafında da geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb,
sakinlərin istirahəti üçün guşələr yaradılıb.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Milli
Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq,
hərbi qulluqçuların mənzillə təmin olunması istiqamətində mühüm
layihələr icra edilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan
tərəfindən qalib Ordunun şəxsi heyətinə göstərilən yüksək qayğının
bariz nümunəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir