
Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald
Tramp tərəfindən yaradılması planlaşdırılan Qəzza Sülh Şurasına
qoşulmaq imkanını nəzərdən keçirir.
Trend BBC-yə
istinadla xəbər verir ki, yeni qurum Ağ Evin İsrail ilə HƏMAS
arasında müharibəyə son qoymaq məqsədi daşıyan 20 maddəlik planının
bir hissəsidir. Şuranın Qəzza zolağında müvəqqəti idarəetməni
həyata keçirməsi, bərpa prosesinə nəzarət etməsi və tərkibinin
müxtəlif ölkələrin liderlərindən ibarət olması gözlənilir. Böyük
Britaniya diplomatları hazırda ABŞ Dövlət Departamentindən şuranın
səlahiyyətləri və üzvlərinin rolu ilə bağlı daha ətraflı məlumat
almağa çalışır. “The Sunday Times” nəşri Kir Starmerin bu quruma
qoşulmaq üçün dəvət edildiyini ilk olaraq yazıb.
ABŞ mediasının məlumatına görə, Prezident Tramp şuranın
üzvlərinin adlarını bu həftə açıqlaya bilər.

