
Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah
naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən
edən sənədi dərc edib.
Trend xəbər
verir ki, sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda
keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.
Bildirilir ki, bu sənəd Ermənistan və ya ABŞ üçün hüquqi
baxımdan məcburi öhdəliklər yaratmır və çərçivə xarakteri
daşıyır.
Mətnə görə, TRIPP çərçivəsi Ermənistan ərazisindən keçən
multimodal tranzit qarşılıqlı əlaqənin işə salınması mexanizmini
təsvir edir. Layihə maneəsiz tranziti təmin etməyə, Azərbaycanın
əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə və
Transxəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmağa
yönəlmiş infrastruktur təşəbbüsü kimi təqdim olunur.
XİN-də qeyd olunur ki, layihənin icrası suverenlik, ərazi
bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsəd
Ermənistan və Azərbaycanın təhlükəsizliyinin və iqtisadi
inkişafının möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzər
dənizi və Avropa arasında regional ticarətin və tranzit
imkanlarının genişləndirilməsi kimi göstərilir.
Layihənin icrası üzrə əsas müddəalar:
TRIPP-in inkişafı üzrə şirkətin
yaradılması.
ABŞ-ın nəzarət paketinə malik olacağı və əsas məsələlər üzrə
Ermənistanın nəzarət mexanizmlərinin nəzərdə tutulduğu strukturun
formalaşdırılması planlaşdırılır.
Müddətlər və iştirak payları.
49 il müddətinə tikinti və istismar hüququ olan model nəzərdən
keçirilir, əlavə olaraq daha 50 il uzadılma imkanı da mövcuddur.
İlkin mərhələdə ABŞ-a 74 faiz, Ermənistana isə 26 faiz pay təklif
olunur. Müddətin uzadılması halında Ermənistanın payının 49 faizə
qədər artırılması perspektivi qeyd edilir.
Mülkiyyət strukturunun
razılaşdırılması.
Səhmdarların tərkibində və son benefisiarlarda edilən hər hansı
dəyişiklik Ermənistan və ABŞ hökumətləri ilə əvvəlcədən
razılaşdırılmalıdır.
İnfrastruktur üzərində müstəsna
hüquqlar.
Şirkət tranzit marşrutları çərçivəsində dəmir yolu və avtomobil
yollarını, həmçinin onlarla əlaqəli enerji və rəqəmsal
infrastrukturu planlaşdırmaq, tikmək, istismar etmək və xidmət
göstərmək hüququna malik olacaq.
Gəlirlər və maliyyələşmə mənbələri
Mümkün gəlir mənbələri kimi infrastruktura çıxış haqları,
marşrut boyunca kommersiya fəaliyyəti, daşınmaz əmlakın icarəsi və
inkişafı, xidmət haqları, eləcə də xüsusi təyinatlı təşkilatların
gəlirləri göstərilir.
Suverenlik və nəzarət
Ayrı bir bölmədə vurğulanır ki, Ermənistan aşağıdakı
səlahiyyətləri özündə saxlayır:
- öz ərazisində qanunvericilik, tənzimləyici və məhkəmə
yurisdiksiyası; - milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyətinə
nəzarət; - gömrük və sərhəd nəzarəti, həmçinin vergilərin, rüsumların və
digər məcburi ödənişlərin yığılması səlahiyyətləri.
Sərhəd və gömrük prosedurları
Çərçivə sazişi “front-ofis – back-ofis” modelinin tətbiqini
nəzərdə tutur. Şirkətlə müqavilə əsasında çalışan özəl operatorlar
müştəri funksiyalarını (sənədlərin toplanması, məsləhət,
koordinasiya, ödənişlərin emalı) yerinə yetirə bilərlər. Lakin
gömrük rəsmiləşdirilməsi, təhlükəsizlik, miqrasiya və
hüquq-mühafizə nəzarəti üzrə yekun qərarlar Ermənistanın dövlət
orqanlarının səlahiyyətində qalır. Suveren funksiyaların
ötürülməsinin nəzərdə tutulmadığı xüsusi vurğulanır.
Eyni zamanda, riskə əsaslanan yoxlamaların, gömrük və sərhəd
üzrə rəqəmsal sistemlərin, “vahid pəncərə” mexanizmlərinin,
əvvəlcədən rəsmiləşdirmə üzrə pilot layihələrin və elektron sənəd
dövriyyəsinin tətbiqi, eləcə də resurslar olduğu təqdirdə ABŞ-ın
dəstəyi ilə kadrların hazırlanması planları açıqlanır.
Kompleks sərhəd idarəetməsi
Ermənistan müasir kompleks sərhəd idarəetmə təcrübələrinin
tətbiqini davam etdirməyi planlaşdırır. ABŞ bu prosesə texniki
yardım göstərə bilər, o cümlədən:
- risk qiymətləndirilməsinə əsaslanan yoxlama və gömrük
rəsmiləşdirmə prosedurları; - müasir yoxlama texnologiyaları;
- rəqəmsal gömrük və sərhəd sistemləri;
- qurumlararası əlaqələndirilmiş proseslər;
- erməni dövlət qulluqçularının peşə bacarıqlarının
inkişafı.
Pilot layihələr
Ermənistan aşağıdakı sahələrdə optimallaşdırma məqsədilə pilot
layihələr həyata keçirməyi planlaşdırır:
- əvvəlcədən gömrük rəsmiləşdirilməsi prosedurları;
- rəqəmsal sənəd dövriyyəsi və emalı;
- sərhəd-keçid məntəqələrində “vahid dayanacaq”
konsepsiyası; - texnologiyaların tətbiqi ilə risklərin qiymətləndirilməsi;
- qonşu ölkələrlə razılaşdırılmış sərhəd idarəetməsi.
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

