
Bakı. Trend:
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı
şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı
suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər
üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı zamanı
səsləndirdiyi fikirlər bir daha göstərdi ki, su məsələsi Azərbaycan
üçün yalnız infrastruktur deyil, milli təhlükəsizlik və sosial
rifah məsələsidir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının rəhbərliyi ilə bu sahədə
son 20 ildə həyata keçirilən sistemli tədbirlər bu gün ölkəmizin su
təminatında əsaslı dönüş yaradıb:
“Uzun illər ərzində dörd iri su anbarının istifadəyə verilməsi
və onların ümumi tutumunun yarım milyard kubmetrdən artıq olması
strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Xüsusilə Taxtakörpü və
Şəmkirçay kimi su anbarlarının inşası Bakının və ölkənin qərb
bölgəsinin su təminatında yaranacaq risklərin qarşısını vaxtında
almağa imkan verib. Eyni zamanda, Ceyranbatan su anbarının tam
yenidən qurulması və müasir təmizləmə sistemləri ilə təchiz
edilməsi paytaxt əhalisinin keyfiyyətli içməli suya çıxışını
əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi
mühüm məqamlardan biri də işğal dövründə Ermənistanın su
resurslarından təzyiq və şantaj aləti kimi istifadə etməsi
faktıdır:
“Sərsəng və Suqovuşan su anbarları vasitəsilə həyata keçirilən
məqsədli su siyasəti bölgədə ekoloji və kənd təsərrüfatı baxımından
ciddi fəsadlar yaradıb. Bu gün isə tam fərqli bir mənzərə
mövcuddur: azad edilmiş ərazilərdə dağıdılmış su infrastrukturu
bərpa olunur, yeni su anbarları istifadəyə verilir, digərlərinin
isə tikintisinə hazırlıq gedir. Bu, həm ekoloji ədalətin, həm də
sosial həyatın bərpası deməkdir.
Məlumdur ki, Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi
vaxtilə işğal altında olmuş ərazilərdə formalaşırdı.
Torpaqlarımızın azad edilməsi nəticəsində ölkəmizin su mənbələrinə
nəzarəti əhəmiyyətli dərəcədə artıb və xarici asılılıq minimuma
enib. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çayların
da ölkənin su balansında mühüm rol oynadığı nəzərə alınaraq bu
sahədə davamlı və ehtiyatlı siyasətin aparılması zəruridir”.
Deputat qeyd edib ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal
çağırışlar fonunda su təhlükəsizliyi məsələsi daha da
aktuallaşır:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtında atılan
addımlar bu gün mümkün risklərin qarşısını alıb. Qarşıya qoyulan
əsas məqsəd isə əhalinin, kənd təsərrüfatının və sənayenin
dayanıqlı su təminatını formalaşdırmaq, mövcud ehtiyatlardan
səmərəli istifadə etmək və itkiləri minimuma endirməkdir.
Bu baxımdan Bakı şəhəri, Abşeron yarımadası və Sumqayıtı əhatə
edən, 2035-ci ilə qədər icrası nəzərdə tutulan Dövlət Proqramı
xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində maliyyələşmə
mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsi, dövlət büdcəsi ilə
yanaşı xarici maliyyə resurslarından istifadə imkanı Azərbaycanın
iqtisadi dayanıqlığının göstəricisidir. Xarici borcun ÜDM-ə
nisbətinin aşağı səviyyədə olması bu cür irimiqyaslı layihələrin
icrası üçün geniş imkanlar yaradır.
Proqramın icrası nəticəsində ölkə üzrə 30-a yaxın yeni su
anbarının tikilməsi, sayğaclaşdırmanın tam təmin olunması və
fasiləsiz içməli suya çıxışın 95 faizə çatdırılması nəzərdə
tutulur. Eyni zamanda, mövcud su itkilərinin kəskin azaldılması
gələcək tələbatın ödənilməsi baxımından prioritet məsələ kimi
müəyyən edilib.
Yağış sularının idarə olunması və kanalizasiya sisteminin
genişləndirilməsi də proqramın mühüm istiqamətlərindəndir. Bakının
bir sıra küçələrində yeni kollektor şəbəkələrinin qurulması leysan
yağışları zamanı yaranan problemlərin aradan qaldırılmasına ciddi
töhfə verəcək. Bundan əlavə, tullantı sularının tam təmizlənməsi və
Xəzər dənizinin qorunması istiqamətində atılan addımlar ekoloji
məsuliyyətin bariz nümunəsidir.
İlk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa olunması
isə Abşeron yarımadasının su təminatında yeni mərhələnin
başlanğıcıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu
layihə həm içməli su ehtiyatlarını artıracaq, həm də kənd
təsərrüfatı üçün əlavə imkanlar yaradacaq”.
A.Həsənova vurğulayıb ki, bütün bu faktlar onu deməyə əsas verir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su
strategiyası yalnız bugünün deyil, gələcək nəsillərin də
maraqlarına xidmət edir:
“Dövlətin bu sahədə ardıcıl və məsuliyyətli siyasəti
Azərbaycanın sosial-iqtisadi inkişafının davamlılığını təmin edən
əsas amillərdən biridir”.

