Qızılın bir unsiyası 4 600 dolları keçdi, gümüş 90 dollar həddində: Azərbaycanda qiymətlərə təsir necədir?

Baş səhifə

Bakı. Trend:

Qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davam
etdikcə, Azərbaycan bazarında da qızıl və gümüş məmulatlarının
qiymətlərində artım istiqaməti əsas xətt kimi qalır.

Bunu Trend
açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai
Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və
qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən
Əmircanov bildirib.

Onun sözlərinə görə, qlobal qiymətli metallar bazarında yüksəliş
dinamikası davam edir: “Qızıl rekord səviyyələrdədir və bir
unsiyası 4 600 ABŞ dollarını ötüb. Gümüş də yüksəlişini saxlayır —
1 unsiyası 90 ABŞ dolları həddində ticarət olunur. Gümüşün sənayedə
geniş istifadəsi (elektronika, enerji, istehsal zənciri) və son
dövrlərdə ona investisiya aləti kimi marağın artması qiymətlərin
daha oynaq olmasına səbəb olan əsas amillər sırasındadır.

Bu proses Azərbaycan bazarında da özünü göstərir. Daxili
qiymətlər birbaşa dünya bazarındakı dəyişikliklərə həssasdır. Artım
xüsusilə idxal məhsullarında daha tez hiss olunur: yeni partiyalar
yüksəlmiş qiymətlərlə gəldiyi üçün vitrinlərdə qiymətlər operativ
yenilənir. Bununla yanaşı, bazarda bütün məhsullar eyni sürətlə
bahalaşmır — xüsusən əvvəlcədən alınmış və satışa çıxarılmış ağır
çəkili zinət əşyalarında qiymət yenilənməsi daha çox mərhələli baş
verir”.

Qlobal qiymətli metallar bazarında yüksəliş Azərbaycanın
zərgərlik məmulatları bazarına necə yansıyır?

R. Əmircanov belə olan halda Azərbaycanda sözügedən məmulatların
qiymət dəyişimindən də danışıb. O bildirib ki, Azərbaycanda qızıl
və gümüş məmulatlarının qiyməti dünya bazarındakı göstəricilərə
əsasən formalaşır: “Buna görə də qlobal qiymətlər yüksələndə,
daxildə qram üzrə əsas metal dəyəri artır və bu artım pərakəndə
satış qiymətlərinə də ötürülür.

Zərgərlik məmulatında pərakəndə qiymət təkcə metalın dəyəri ilə
müəyyənləşmir: işlənmə və dizayn, qiymətli daşlarla bağlı məqamlar
və xidmət xərci də nəzərə alındığı üçün, mağazada görünən artım
bəzən birjadakı artımdan daha yüksək ola bilər”.




Qarşıdakı dövrdə
qiymətlərlə bağlı proqnoz

İdarə Heyəti sədrinin müavini yaxın dövr üçün əsas
gözləntilərdən bəhs edərək qeyd edib ki, qlobal bazarda yüksək
qiymət səviyyəsi qorunduğu müddətdə Azərbaycanda da bahalaşma meyli
davam edəcək: “Bununla yanaşı, bazarın təbiətinə uyğun olaraq
qısamüddətli dalğalanmalar mümkündür: kəskin yüksəlişdən sonra
qiymətlər müəyyən müddət sabitləşə və ya qısa geri çəkilmələr
göstərə bilər.

Gümüşlə bağlı proqnozlarda isə iki xətt daha çox ön plana çıxır:
bir tərəfdən sənayedə geniş istifadə qiymətə əlavə dayaq verir,
digər tərəfdən investisiya marağı artdıqca volatillik yüksəlir. Bu
da o deməkdir ki, gümüş bazarında hərəkət daha çevik ola, qiymətlər
həm sürətli yüksələ, həm də bazar xəbərlərinə həssas şəkildə
düzəliş verə bilər”.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda
2815 kiloqram qızıl hasil olunub. Dövlət Statistika Komitəsinin son
məlumatlarına əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə qızıl
hasilatı 248 kiloqram və ya 9,7 faiz artıb. Ötən ilin on bir ayı
ərzində Azərbaycanda 2567 kiloqram qızıl çıxarılmışdı.

Ötən ilin dekabr ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır
qızıl ehtiyatlarının həcmi 155 kiloqram təşkil edib.

Bundan başqa, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 3506
kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 441 kiloqram və ya 14,4 faiz çoxdur.

Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə ölkədə hazır gümüş
ehtiyatlarının həcmi 885,3 kiloqram təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir