
Bakı.Trend:
2025-ci ildə Azərbaycanın aviasiya sektoru dayanıqlı artım və
beynəlxalq tanınma ilə yadda qalıb
Trend xəbər
verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru
dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit
potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə
olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət
göstərilməsi, 2024-cü illə müqayisədə 10,5% artım qeydə alınması
aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat
qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş
etdirir.
Hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9
avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuşun idarə
edilməsi ilə tarixi rekord qeydə alınıb.
İl ərzində uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər
təşkil edib. Tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb.
Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal
aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”,
“Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.

