
Bakı.Trend:
2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin
daşınıb. Bakı – Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735
min təşkil edib.
Trend xəbər
verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, sərnişin dövriyyəsində 2%-lik artım qeydə
alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6%
artaraq 7 min 261 uçuşa çatıb.
Məlumatda qeyd edilib ki, 2025-ci il Azərbaycanın aviasiya
tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad
edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın
Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun
sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində
Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Həmçinin bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu
2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards”
çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına
layiq görülərək regionun lider hava limanı statusunu bir daha
təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation
(ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI
World” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)”
proqramında iştirak etməyə başlayıb və “APEX in Safety”
təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.
Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS)
beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə
gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025”
tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə
strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq
ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin
“ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and
Community” nominasiyası üzrə qalib elan olunub.
Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya
sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji
liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini
bir daha təsdiqləyir.

