Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan Xalq Bank 2025-ci ili 61 mln
manat mənfəətlə tamamladı. İl ərzində əsas maliyyə göstəricilərində
artım nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə
müqayisədə 4 % artaraq hesabat dövrünün sonuna 3,184 mlrd manat
təşkil etmişdir. Kredit portfelinin həcmi 1,912 mlrd manat təşkil
etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə
7% artaraq 2,097 mlrd manat təşkil etmişdir.

Bankın cəmi kapitalı artaraq 542.5 mln manata çatmışdır ki, bu
da 2024-cü ilin analoji dövrünün sonu ilə müqayisədə 6 % çoxdur.
2025-ci ilin sonuna Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə
müqayisədə 24 % artaraq 228,6 mln manata, qeyri-faiz gəlirləri isə
22 % artaraq 52,3 mln manata yüksəlib.

2025-ci ildə Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq
Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza
səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində
təsdiqləyib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil”
olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini
Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və
uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində
təsdiqləyib. Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini
Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit
depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi
ilə əlaqələndirir.

2025-ci il ərzində Bank maliyyə dayanıqlığının gücləndirilməsi,
kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni
təşəbbüslər üzrə fəaliyyətini genişləndirmişdir.

Xalq Bank ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk
bank olaraq kapital bazarlarında iştirakını genişləndirmiş, Milli
Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli
kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı
maliyyə institutlarından birinə çevrilmişdir. 2025-ci ilin dekabr
ayında Xalq Bank istiqraz buraxılışını həyata keçirərək investorlar
üçün yeni investisiya imkanları yaratmışdır. Eyni zamanda, Bank
2025-ci ildə nizamnamə kapitalını 445.6 mln manata artırmaqla
özünün maliyyə dayanıqlığını möhkəmləndirmişdir.




Xalq Bank 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində fəaliyyətini genişləndirmiş, törəmə maliyyə alətləri
üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə Xalq Bank və
“Commerzbank AG” arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar
üçün mühüm əhəmiyyət daşıyan ISDA razılaşması əldə edilmişdir.

2025-ci ildə XalqOnline internet və mobil bankçılıq sistemində
SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank
əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata
keçirilməsinə imkan yaratmış, müştərilərin məsafədən bankçılıq
xidmətlərinə çıxışını daha da genişləndirmişdir.

Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində Xalq
Bankın “Xalq Əmanəti” layihəsi üzrə 2 nəşri təqdim edilmişdir.
Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı
nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının
banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən
bədii alboma həsr olunmuşdur. Bu kitablar layihə çərçivəsində nəşr
olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə
vermişdir.

2025-ci ildə Xalq Bank idman və ictimai tərəfdaşlıqlar üzrə
fəaliyyətini genişləndirmiş, Azərbaycan Boks Federasiyasına üzv
olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun
inkişafına dəstəyini nümayiş etdirmişdir. Həmçinin Bank gənc
istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr
2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq
Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate
Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış
etmişdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir