Prezident İlham Əliyevin Ağdərəyə səfəri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasını bir daha nümayiş etdirdi – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
13-də Ağdərə rayonuna etdiyi səfər işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma proseslərinin miqyasını, dərinliyini
və strateji xarakterini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə
görülmüş işlərlə tanışlıq deyil, Qarabağın gələcəyinə dair aydın
siyasi, iqtisadi və sosial mesajların verildiyi mühüm hadisə kimi
qiymətləndirilə bilər.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Prezident İlham Əliyevin Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ
və Qozlukörpü kəndlərində, eləcə də Ağdərə şəhərində aparılan
işləri yerində izləməsi dövlət başçısının azad edilmiş ərazilərə
göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Uzun illər işğal
nəticəsində tamamilə dağıdılmış, yaşayış üçün yararsız hala
salınmış bu kəndlər bu gün yenidən qurulur, həyat bura geri
qayıdır. Bərpa olunan fərdi yaşayış evləri, çəkilən yollar,
yaradılan mühəndis-kommunikasiya xətləri insanların doğma
yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin
edir.

Ağdərədə aparılan işlər göstərir ki, dövlət siyasəti yalnız
evlərin bərpası ilə məhdudlaşmır. Burada tam bir yaşayış mühiti
formalaşdırılır. Elektrik, qaz, içməli su, rabitə xətləri,
məktəblər, parklar, istirahət zonaları kəndlərin sosial simasını
köklü şəkildə dəyişir. Keçmiş məcburi köçkünlərin artıq doğma
torpaqlarda daimi məskunlaşması Qarabağda demoqrafik bərpanın real
mərhələyə keçdiyini sübut edir”, – o bildirib.

Azər Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin səfəri
çərçivəsində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı
Qarabağın gələcəyinin “yaşıl enerji” üzərində qurulduğunu açıq
şəkildə ortaya qoydu.

“Azərbaycanın enerji strategiyasının mühüm hissəsi olan bu
layihə ekoloji dayanıqlılıqla yanaşı, iqtisadi səmərəliliyi də
təmin edir. Ağdərə artıq təkcə öz ehtiyaclarını ödəyən deyil,
ölkənin enerji sisteminə töhfə verən regiona çevrilir. Bu isə
bölgənin strateji əhəmiyyətini daha da artırır. İqtisadi inkişafın
digər mühüm istiqaməti isə sənaye potensialının
reallaşdırılmasıdır. Prezident İlham Əliyevin Canyataq kəndində
“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlığı bunun
əyani sübutudur. Uzun illər qanunsuz istismar edilən bu yatağın
indi Azərbaycan dövlətinin nəzarəti altında, müasir texnologiyalar
əsasında işlədilməsi həm iqtisadi, həm də siyasi baxımdan mühüm
mesajdır. Yüzlərlə insanın işlə təmin olunması, yerli əhalinin
məşğulluğunun prioritet götürülməsi Qarabağda sosial rifahın
möhkəmləndirilməsinə xidmət edir”, – o bildirib.

A.Qarayev qeyd edib ki, Ağdərə şəhərinin Baş planının təqdim
olunması isə regionun inkişafına sistemli yanaşmanın
göstəricisidir:

“Müasir şəhərsalma konsepsiyası əsasında hazırlanan bu plan
Ağdərəni gələcəkdə sənaye, logistika, turizm və aqroturizm
mərkəzinə çevirməyi hədəfləyir. Yeni məktəblər, uşaq bağçaları,
xəstəxana, ictimai və işgüzar zonalar, parklar və velosiped yolları
şəhərin rahat, yaşıl və müasir urbanistik model üzrə inkişaf
etdiriləcəyini göstərir. Bu yanaşma Qarabağın yalnız bu günü üçün
deyil, onilliklər irəli üçün planlandığını sübut edir. Prezident
İlham Əliyevin Ağdərə sakinləri ilə görüşü səfərin mənəvi baxımdan
ən təsirli məqamlarından biri oldu. Dövlət başçısının şəhid
ailələri ilə birbaşa ünsiyyəti, onların ağrısını və qürurunu
bölüşməsi, Qarabağın artıq əbədi olaraq Azərbaycan torpağı olduğunu
vurğulaması xalqın dövlətə olan inamını daha da gücləndirdi. Eyni
zamanda, Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlinin
qoyulması regionda təhlükəsizlik amilinin daim diqqət mərkəzində
saxlanıldığını göstərir. Bu mərkəz xüsusi təyinatlı qüvvələrin
peşəkar hazırlığının gücləndirilməsi ilə yanaşı, Azərbaycanın
müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Bu fakt onu göstərir ki, dövlət Qarabağda həm inkişafı, həm də
təhlükəsizliyi paralel şəkildə və balanslı formada təmin edir”.

Onun sözlərinə görə, bununla yanaşı, Prezident İlham Əliyevin
yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan
sonra açılışında iştirakı azad edilmiş bölgələrdə sənaye
infrastrukturunun bərpası və gücləndirilməsinin dövlət siyasətinin
mühüm istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi:

“Müasir, yüksəkdəqiqlikli texnoloji avadanlıqlarla təchiz edilən
müəssisədə hərbi təyinatlı məhsulların istehsalı yerli müdafiə
sənayesinin imkanlarını genişləndirməklə yanaşı, regionda yeni iş
yerlərinin açılmasına və ixtisaslı kadr potensialının
formalaşmasına xidmət edir. Zavodun fəaliyyəti göstərir ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət
Qarabağ və ətraf bölgələrdə yalnız yaşayış və sosial
infrastrukturun deyil, strateji sənaye sahələrinin də
dirçəldilməsini, iqtisadi müstəqilliyin və milli təhlükəsizliyin
möhkəmləndirilməsini hədəfləyir. Bu yanaşma azad edilmiş ərazilərin
ölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyasını sürətləndirən
mühüm amillərdən biridir”.

Politoloq vurğulayıb ki, ümumilikdə, Prezident İlham Əliyevin
Ağdərəyə səfəri azad edilmiş ərazilərdə həyata keçirilən siyasətin
mahiyyətini aydın şəkildə ortaya qoydu.

“Bu siyasət sadəcə bərpa deyil, dirçəliş, inkişaf və gələcək
nəsillər üçün möhkəm təməl qurmaq siyasətidir. Yeni infrastruktur,
sənaye və enerji layihələri, minlərlə iş yeri, sosial təminat və
təhlükəsizlik tədbirləri Qarabağın, xüsusilə Ağdərənin yaxın
illərdə Azərbaycanın ən dinamik və strateji əhəmiyyətli
bölgələrindən birinə çevriləcəyini göstərir. Bu gün Qarabağda həyat
bərpa olunur. Bu həyat planlı, güclü dövlət iradəsinə əsaslanan və
geri dönməz xarakter daşıyan bir prosesdir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə bu torpaqlar yalnız bərpa edilmir – yenidən
doğulur”, – deyə Azər Qarayev bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir