
Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları bir həftə ərzində 3,4 milyon
barel artaraq 9 yanvar 2026-cı il tarixinə 422,4 milyon barel
təşkil edib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, ehtiyatların mövcud
səviyyəsi ilin bu dövrü üçün beş illik orta göstəricidən 3%
aşağıdır.
Bu fonda Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün
Brent markalı xam neftin fyuçerslərinin qiyməti 1,08% artaraq bir
barel üçün 66,18 dollara yüksəlib. Eyni zamanda, fevral ayı üçün
WTI markalı xam neftin fyuçersləri 1,01% bahalaşaraq bir barel üçün
61,77 dollar səviyyəsinə çatıb.

