
Bakı.Trend:
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və işçi qüvvəsinin
məhsuldarlığının artırılması istiqamətində fəal şəkildə işini davam
etdirir və beynəlxalq tərəfdaşlar ölkəyə strateji dəstək
göstərirlər.
Bunu Trend-ə
müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)
Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Şərqi Avropa və
Cənubi Qafqaz şöbəsinin rəhbəri, baş siyasi analitiki Deniel
Kvadbek bildirib.
O qeyd edib ki, son onillik ərzində Azərbaycan iqtisadiyyatı
ÜDM-in nisbətən mülayim artım templərini nümayiş etdirib.
“Daha da inkişaf və işçi qüvvəsinin məhsuldarlığının artırılması
üçün şaxələndirməni dəstəkləyən islahatlar vasitəsilə
iqtisadiyyatın qeyri-xammal sektorunun genişləndirilməsinin davam
etdirilməsi son dərəcə vacibdir. ‘Azərbaycan 2030: sosial-iqtisadi
inkişafın milli prioritetləri’ və ‘2022–2026-cı illər üçün
sosial-iqtisadi strategiya’ kimi son dövlət strategiyaları
iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə neft
gəlirlərindən istifadə olunmasının zəruriliyini vurğulayır.
Ölkə dayanıqlı artım üzrə qlobal trendlərə uyğun istiqamətdə
irəliləsə də, Azərbaycan qeyri-xammal sektorunun gələcək inkişafına
töhfə verən struktur islahatlarını prioritetə çevirməlidir”, – İƏİT
nümayəndəsi bildirib.
D. Kvadbek vurğulayıb ki, təşkilat tövsiyələr təqdim etməklə,
beynəlxalq təcrübəni bölüşməklə və bilik mübadiləsini təşviq
etməklə səmərəli siyasətin hazırlanması və həyata keçirilməsinə
dəstək göstərə bilər. Şaxələndirmə və onun həyata keçirilmə
yanaşması qarşıdakı illərdə ölkənin inkişaf trayektoriyasını
müəyyənləşdirəcək
“Azərbaycan dayanıqlı inkişaf və ESG standartlarının təşviqinə
yönəlmiş İƏİT-nin beynəlxalq təşəbbüslərində fəal iştirak edir.
Bunlara Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada keçid
iqtisadiyyatına malik ölkələrə dəstək göstərən və ekoloji
aspektlərin iqtisadi, sosial və siyasi islahatlara inteqrasiyasına
yardım edən Yaşıl İqtisadiyyat və Ətraf Mühit üzrə İşçi Qrupu
(GREEN Action Task Force) daxildir. Təşəbbüsün məqsədi dayanıqlı
artımın, insan kapitalının inkişafının, ‘yaşıl’ investisiyaların
cəlb edilməsinin və qabaqcıl təcrübə mübadiləsinin təşviqi ilə
yanaşı ekoloji səmərəliliyin artırılmasıdır.
Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regional
layihələrdə, o cümlədən EU4Energy və EU4Environment proqramlarında
iştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilə tərəfdaşlıq
çərçivəsində həyata keçirilən EU4Energy proqramı fokus-qrup
ölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması və icrası,
eləcə də enerji sektorunda regional əməkdaşlığın gücləndirilməsi
istiqamətində dəstək verir”, – deyə o əlavə edib.
Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regional
layihələrdə, o cümlədən “EU4Energy” və “EU4Environment”
proqramlarında iştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilə
tərəfdaşlıq çərçivəsində həyata keçirilən “EU4Energy” proqramı
fokus-qrup ölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması və
icrası, eləcə də enerji sektorunda regional əməkdaşlığın
gücləndirilməsi istiqamətində dəstək verir”, – deyə o qeyd
edib.
D. Kvadbek bildirib ki, “EU4Environment” proqramı isə öz
növbəsində Şərq Tərəfdaşlığı ölkələrində təbii kapitalın
qorunmasına, siyasət və qanunvericilikdə dəyişikliklər, daha
‘yaşıl’ planlaşdırma və investisiyalar, innovativ texnologiyaların
tətbiqi və ‘yaşıl’ iş yerlərinin yaradılması vasitəsilə ekoloji
rifahın yaxşılaşdırılmasına kömək edir.
O vurğulayıb ki, proqram həmçinin ekoloji idarəetmənin
təkmilləşdirilməsinə, mühafizə olunan ərazilərin və meşələrin
səmərəli idarə edilməsinə, eləcə də dayanıqlı ticarətin inkişafına
töhfə verir.
“Belə beynəlxalq proqramlarda davamlı və fəal iştirak
Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olması üçün əsas
amillərdən biri ola bilər.
İƏİT Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyəti davam
etdirməyi və sübutlara əsaslanan siyasətin inkişafına daimi dəstək
göstərməyi planlaşdırır. Məsələn, son illərdə Azərbaycanın İƏİT
fəaliyyətində iştirakı əhəmiyyətli dərəcədə genişlənib və dövlət
idarəçiliyi, antikorrupsiya, iqtisadiyyatın şaxələndirilməsi,
KOB-lar və sahibkarlıq siyasəti, təhsil və bacarıqlar, rəqəmsal
transformasiya, vergi siyasəti, enerji siyasəti və ‘yaşıl’
iqtisadiyyata keçid kimi geniş sahələri əhatə edir”, – deyə İƏİT
nümayəndəsi əlavə edib.
D. Kvadbekin sözlərinə görə, yaxın zamanda istifadəyə verilmiş
“EU4Business” layihəsi – “Şərq Tərəfdaşlığı ölkələrində ticarətin
və rəqabətə davamlılığın genişləndirilməsi” çərçivəsində İƏİT
Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə Cənubi Qafqaz regionunda
bir sıra yeni analitik materiallar və proqramların həyata
keçirilməsini planlaşdırır.
“Müqayisəli təhlilin (bençmarkinq) aparılmasından əlavə, layihə
iştirakçı ölkələrə fərdiləşdirilmiş məsləhət dəstəyi təqdim edəcək.
Bu kontekstdə İƏİT hədəfli analitik araşdırmalar, ixtisaslaşmış
alətlər və potensialın artırılması üzrə tədbirlər vasitəsilə
ticarətin sadələşdirilməsi və nəqliyyat əlaqəliliyinin
gücləndirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək”, – deyə o
bildirib.

