
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis
edilən “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin
(AZSTAND/TK 19) növbəti onlayn iclası keçirilib.
Trend
Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki,
iclasda AZSTAND nümayəndələri ilə yanaşı Baş Dövlət Yol Polisi
İdarəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı
Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Aqrar Xidmətlər Agentliyi,
“Toyota-Lexus” AADA və “AZAVTOBUS” MMC-nin təmsilçiləri iştirak
ediblər.
İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planına
uyğun olaraq işlənib hazırlanmış AZS ECE 21 “Nəqliyyat
vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid
müddəalar”, AZS ECE 16 “Təhlükəsizlik kəmərləri, qoruyucu
sistemlər, uşaq avtonəqliyyat vasitələrinin sərnişinləri üçün
nəzərdə tutulmuş sistemləri və ISOFIX uşaq təhlükəsizlik
sistemləri”, AZS ECE 51 “Ən azı dörd təkərli avtonəqliyyat
vasitələrinin buraxdığı səs-küyə görə rəsmi təsdiqin verilməsinə
dair vahid təlimatlar”, AZS ECE 85 “M və N kateqoriyalı motorlu
nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün nəzərdə tutulmuş
daxili yanma mühərriklərinin və ya elektrik mühərriklərinin təsdiqi
ilə bağlı və elektrik mühərriklərinin faydalı gücünün və maksimum
30 dəqiqəlik gücünün ölçülməsi ilə bağlı vahid müddəalar”
standartlar layihələri müzakirə edilib. Sözügedən standartların
qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul
olunub.
İclasın sonunda AZSTAND/TK 19 tərəfindən AZS 122 “Yerüstü
Nəqliyyat Vasitələri üçün Təhlükəsizlik Şüşəsi. Ümumi Texniki
Şərtlər” dövlət standartının dövri yoxlaması keçirilib.
Qeyd edək ki, “Yol nəqliyyatı” standartlaşdırma üzrə texniki
komitə (AZSTAND/TK 19) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində yaradılıb.
AZSTAND/TK 19-un yaradılmasında məqsəd yol nəqliyyatı sahəsində
dövlət, beynəlxalq, regional və dövlətlərarası standartların
hazırlanmasında maraqlı tərəflərin iştirakının təmin
edilməsidir.

