
Bakı. Trend:
Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyev sosial
şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraq
müraciətlərinə baxılmadığını bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata, Zəngilan rayonunun
Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev Orxan
Məhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu
Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə
məskunlaşıb.
İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və
ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti
məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür.
Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə
alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər
tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq
yenidən baxılacaq.
Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri
isə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılı
müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və
vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər
şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də
aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və
müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib.
Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası Məhəmməd
Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli
kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin
edilib.

