Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyanada Türk Dövlətləri Təşkilatına (TDT)
üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları
nümayəndələrinin görüşü baş tutub. Tədbir Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi,
Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət
Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət
Mərkəzində baş tutan görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) baş
katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın Avstriyadakı fövqəladə
və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı
səfiri Gürsel Dönmez, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı
(BMT) daimi nümayəndəsi Levent Eler, Qırğızıstanın Birləşmiş
Millətlər Təşkilatı (Vyana) yanında daimi nümayəndəsi Nurjan
Şaildabekova, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və
TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının
təmsilçiləri iştirak edib.

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumları arasında
əlaqələrin dərinləşdirilməsinin və fəaliyyətin daha koordinasiyalı
şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir
çərçivəsində keçirilən Diaspor Potensialının Artırılması üzrə təlim
proqramlarının bilik və təcrübə mübadiləsi baxımından mühüm
platforma olduğunu qeyd edib.

Səfir Rövşən Sadıqbəyli bu cür təşəbbüslərin türk diasporunun
beynəlxalq müstəvidə daha güclü və vahid mövqe ortaya qoymasına
xidmət etdiyini bildirib.




Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
məsul əməkdaşları Leyla Həmzəyeva və Şəfəq Binnətova komitənin
həyata keçirdiyi genişmiqyaslı layihələr, qarşıya qoyulan
hədəflərlə bağlı geniş məlumat veriblər. Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlıq çərçivəsində görülən
işlərdən danışıblar.

Digər çıxışçılar xaricdə yaşayan türk icmalarının
təşkilatlanması, gənclərin diaspor proseslərinə cəlb olunması
məsələlərinə toxunub, TDT-yə üzv ölkələrin diaspor qurumları
arasında institusional əməkdaşlığın gücləndirilməsinin labüdlüyünü
dilə gətiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, diaspor
sahəsində qazanılan təcrübələrin paylaşılması və gələcək əməkdaşlıq
imkanlarının müzakirəsi ilə davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir