
Bakı. Trend:
Amerikalı tibb mütəxəssisləri xəstələrin tibbi məlumatları və
klinikalara müraciət tarixçələri əsasında demensiyanın inkişafının
ilkin əlamətlərini çox yüksək dəqiqliklə aşkar etməyə qadir olan
neyroşəbəkələrdən ibarət sistem hazırlayıblar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Massaçusets xəstəxanalar
şəbəkəsinin (MGB) mətbuat xidməti məlumat yayıb.
Bu süni intellekt agenti ilk praktiki sınaqlar zamanı zehni və
yaddaş zəifləməsinin real hallarının 62 faizini müəyyən edə
bilib.
“Biz tək bir süni intellekt sistemi deyil, bütöv bir klinik
neyroşəbəkə komandası yaratmışıq. Bu sistem beş ixtisaslaşmış
agentdən ibarətdir. Hər biri digər komponentlərin nəticələrini
kritik şəkildə təhlil edir və onların daha dəqiq və dolğun
nəticələrə gəlməsinə kömək edir. Bu, həkim konsiliumunun iş
prinsipi ilə oxşardır,” – deyə Massaçusets Ümumi Xəstəxanasının
(ABŞ) dosenti Hüseyn Estiri bildirib.
Həkimlərin qeyd etdiyinə görə, demensiya adətən xəstələrdə orta
və ya gec mərhələlərdə aşkarlanır. Bu mərhələdə beyin toxumalarında
baş verən patoloji proseslərin müxtəlif terapiyalar və ya həyat
tərzinin dəyişdirilməsi ilə qarşısını almaq olduqca çətin olur.
Bunun səbəblərindən biri də demensiyanın diaqnostikası üçün
istifadə olunan əmək tutumlu və uzunmüddətli koqnitiv testlərin həm
çətin, həm də baha başa gəlməsidir.

