BMT-nin Cenevrə Ofisi ilə birgə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli
Toplantısı BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində
İsveçrənin Cenevrə şəhərində öz işinə start verib. Toplantı
“Çoxqütblü parçalanmalar və transformasiya dövründə
multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr
edilib.


Trend
xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi məlumat yayıb.

Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal
idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya
nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf,
süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik,
humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv
iqtisadiyyatlar, qadınların liderlikdə rolu, eləcə də qlobal mənzil
və şəhərsalma problemləri üzrə geniş və əhatəli müzakirələr
aparılır.

Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı
Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla
yanaşı, 17-22 may tarixlərində Bakıda baş tutacaq BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı
məsələlər də müzakirə edilib.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək
səviyyəli beynəlxalq iştirakçı- sabiq dövlət və hökumət başçıları,
BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri
və tanınmış ekspertlər iştirak edir. Açılış mərasimində BMT-nin
Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya Ticarət
Təşkilatının Baş direktoru Ngozi Okonjo-İweala, BMT-nin Ticarət və
İnkişaf üzrə Konfransının (UN Trade and Development) Baş katibi
Rebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş
katibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının
(UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasının
sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa,
Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Eyni
zamanda, toplantının açılış mərasimi çərçivəsində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra
Vike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.

Qeyd edək ki, Mərkəz ilə BMT-nin Cenevrə Ofisi arasında mövcud
institusional əməkdaşlıq əsasında hər il keçirilən bu ali səviyyəli
toplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq
platforma rolunu oynayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir