
Bakı. Trend:
Mövcud qlobal iqtisadi çətinliklər kontekstində Azərbaycanla
İƏİT arasında əməkdaşlıq bir sıra sahələrdə xüsusilə perspektivli
görünür. Ətraf mühitin idarə olunmasının gücləndirilməsi və “yaşıl”
keçidin sürətləndirilməsi Azərbaycanın böyümə modelini
şaxələndirmək, xarici şoklara qarşı həssaslığı azaltmaq və təbii
sərvətlərin davamlı istifadəsini təmin etmək səylərini dəstəkləyə
bilər.
Bunu Trend-ə müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun
Şərqi Avropa və Cənubi Qafqaz şöbəsinin rəhbəri və baş siyasət
analitiki Daniel Kvadbek deyib.
O, vurğulayıb ki, İƏİT-nin sübutlara əsaslanan siyasət və
tənzimləyici islahatlar sahəsindəki təcrübəsi dayanıqlılıq
məsələlərinin bütün iqtisadi sektorlarda inteqrasiyasına kömək edə
və daha dayanıqlı inkişaf trayektoriyasına töhfə verə bilər.
“Eyni zamanda, rəqabət qabiliyyəti və əlaqəlilik sahəsində
əməkdaşlıq şaxələndirmə səylərinin uzunmüddətli iqtisadi qazanclara
çevrilməsini təmin etməyə kömək edə bilər. Biznes mühitinin
yaxşılaşdırılması, KOB-ların bazarlara çıxışının asanlaşdırılması,
ticarət prosedurlarının sadələşdirilməsinin və nəqliyyat
əlaqələrinin gücləndirilməsi Azərbaycanın qlobal dəyər zəncirlərinə
inteqrasiyasını dərinləşdirə biləcək tamamlayıcı prioritetlərdir”,
– deyə o bildirib.
O qeyd edib ki, bu, həmçinin əlavə dəyərin yaradılmasına,
məhsuldarlığın artmasına və texnoloji yenilənməyə töhfə verərək
İƏİT-nin tövsiyələr verə biləcəyi səmərəli sənaye siyasəti ilə
dəstəklənən daha güclü sənaye bazasının formalaşdırılması üçün
imkan yaradır,
“Bundan əlavə, İƏİT-in təcrübəsi Azərbaycan üçün dövlət
müəssisələrinin idarə olunmasının gücləndirilməsində və iqtisadi
səmərəliliyin artırılması və uzunmüddətli investisiyalara çıxışın
asanlaşdırılması məqsədilə kapital bazarının inkişaf etdirilməsində
faydalı ola bilər. Nəhayət, dünyanın bir çox ölkəsində demoqrafik
dəyişikliklərin artıq nəzərə alınmaması nəzərə alındıqda, pensiya
sistemləri və daha geniş sosial siyasətlər yaşa bağlı dövlət
xərclərinin gözlənilən əhəmiyyətli artımını aradan qaldırmaq üçün
uyğunlaşdırılmalıdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu qarşılıqlı əlaqəli sahələrdə
irəliləyişin olması uzunmüddətli, inklüziv və davamlı artıma nail
olmaq üçün ardıcıl siyasət çərçivəsi yarada bilər.

