
Bakı.Trend:
2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə
Azərbaycan qazının Albaniyaya tədarükünün başlanması ölkənin enerji
balansına müsbət və strateji təsir göstərəcək, həmçinin onun enerji
təhlükəsizliyini gücləndirəcək.
Bunu Trend-ə özəl
müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli
Səfiri Besart Kadia bildirib.
“Bu addım ölkənin enerji balansının şaxələndirilməsinə,
hidroenerjidən asılılığın azaldılmasına, həmçinin enerji sisteminin
sabitliyinin və dayanıqlığının artırılmasına töhfə verəcək. Bu
təşəbbüs 2023-cü ilin mayında iqtisadi, sənaye və texnoloji
əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının nəticələri ilə
əhəmiyyətli dərəcədə möhkəmlənmiş ikitərəfli əməkdaşlıq
çərçivəsinin genişlənməsinə əsaslanır.
Xüsusilə 2025-ci ilin aprelində Azərbaycanın energetika naziri
Pərviz Şahbazovun səfəri zamanı təqdim edilən Korça şəhərindəki
‘Nur’ qazlaşdırma layihəsi bu tərəfdaşlığın real infrastruktur və
sosial-iqtisadi nəticələrə çevrildiyini əyani şəkildə nümayiş
etdirir. Ümumilikdə, TAP vasitəsilə qaz tədarükü uzunmüddətli
strateji tərəfdaşlığı əks etdirir, Albaniyanın enerji
təhlükəsizliyini gücləndirir və eyni zamanda Azərbaycanın regional
enerji sabitliyinin təminində əsas tərəfdaş kimi mövqeyini
möhkəmləndirir”, – deyə o qeyd edib.
Kadia bildirib ki, ilkin mərhələdə nəzərdə tutulan 0,16 milyard
kubmetr həcm Albaniyanın qazlaşdırılması prosesində mühüm birinci
addım hesab olunur.
“Albaniya gələcəkdə daxili infrastrukturun və regional
əlaqəliliyin inkişafı ilə paralel olaraq bu həcmlərin
artırılmasında aydın maraqlıdır. Albaniya Korça şəhərinin
qazlaşdırılması, yeraltı qaz anbarlarının yaradılması, transsərhəd
qaz ötürmə sistemlərinin inkişafı, eləcə də Trans-Adriatik qaz
kəmərindən optimal istifadə istiqamətində Azərbaycanın rolunu
yüksək qiymətləndirir. Hər iki ölkə həmçinin İon-Adriatik qaz
kəməri layihəsini və Avropa İttifaqının Cənub Qaz Dəhlizinin
genişləndirilməsi təşəbbüslərini dəstəkləyir. Bu kontekstdə
Albaniya qaz sənayesinin inkişafı üzrə Baş Planını yeniləyir və
SOCAR və onun aidiyyəti strukturlarının yüksək qiymətləndirilən
texniki dəstəyi ilə qaz nəqli sisteminin ötürücülük qabiliyyətini
artırır ki, bu da gələcəkdə qaz tədarükü həcmlərinin mərhələli
şəkildə artırılması üçün möhkəm əsas yaradır”, – deyə səfir izah
edib.
SOCAR-ın qazlaşdırma üzrə layihəsinin
genişləndirilməsi
Kadiya qeyd edib ki, Korça şəhərinin qazlaşdırılması layihəsi
flaqman və pilot layihə kimi nəzərdən keçirilir və onun mərhələli
şəkildə Albaniyanın digər regionlarına yayılması istiqamətində
güclü maraq mövcuddur.
“TAP vasitəsilə qaz tədarükü dayanıqlı xarakter aldıqca və
daxili infrastruktur inkişaf etdikcə, Albaniya qaz şəbəkələrinin
ölkənin digər şəhərlərinə və iqtisadi zonalarına genişləndirilməsi
imkanlarını nəzərdən keçirir. Bu proses yenilənmiş qaz sənayesinin
inkişafı üzrə Baş Plana uyğun olaraq mərhələli və əlaqələndirilmiş
şəkildə, SOCAR və onun aidiyyəti strukturları ilə sıx əməkdaşlıq
çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Ortaq məqsəd
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı iqtisadi
inkişafın dəstəklənməsidir”, – deyə o vurğulayıb.
“Yaşıl” enerji sahəsində əməkdaşlıq
perspektivləri
Səfir həmçinin qeyd edib ki, Albaniya regional əlaqəliliyin
gücləndirilməsinə və “təmiz” enerji mənbələrinin şaxələndirilməsinə
yönəlmiş strateji təşəbbüsləri, o cümlədən Qara dəniz enerji kabeli
layihəsini böyük maraqla izləyir. “‘Yaşıl’ energetikanın inkişafına
və yeni enerji dəhlizlərinin formalaşdırılmasına sadiqliyi
çərçivəsində Albaniya öz milli enerji strategiyasına və regional
prioritetlərinə uyğun iştirak formalarını nəzərdən keçirməyə
açıqdır. Albaniya iri enerji infrastruktur layihələrinin təşviqində
Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirir və Azərbaycan
energetikasının — həm qaz, həm də bərpa olunan enerji sahəsində —
regional enerji təhlükəsizliyinin təminində, o cümlədən Qərbi
Balkanlarda mühüm əhəmiyyətini tanıyır.
Qaz sənayesinin inkişafı üzrə Baş Plan yeniləndikcə və enerji
infrastrukturu genişləndikcə, Albaniya Azərbaycanın təcrübəsindən
istifadəni və əməkdaşlığı, habelə Avropa İttifaqının dəstəyi ilə
qarşılıqlı fəaliyyət formatlarını alqışlayır ki, bu da regional və
Avropa enerji bazarlarına daha dərindən inteqrasiyaya və dayanıqlı,
etibarlı enerji sistemlərinə keçidə töhfə verəcək”, – deyə Kadia
vurğulayıb.
O hesab edir ki, artıq həyata keçirilən flaqman layihələrlə
yanaşı, Albaniya və Azərbaycan strateji və kompleks yanaşma
əsasında enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi
üçün əhəmiyyətli potensiala malikdir.
“Prioritet istiqamətlər sırasında enerji mənbələrinin
şaxələndirilməsi, yeni dəhlizlərin inkişafı, bərpa olunan enerji
layihələri, enerji yığım sistemləri, mayeləşdirilmiş təbii qazın
(MTQ) tədarükü üçün infrastruktur, eləcə də təcrübə mübadiləsi və
potensialın artırılması yer alır. Bununla yanaşı, Albaniya enerji
sektorundan kənarda da əməkdaşlığın genişləndirilməsinə böyük
əhəmiyyət verir — ilk növbədə nəqliyyat əlaqəliliyi, ticarət və
kiçik və orta sahibkarlıq tərəfdaşlığı, dayanıqlı kənd təsərrüfatı
və ərzaq təhlükəsizliyi, təhsil, turizm və mədəni mübadilələr
sahələrində.
İnstitusional qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, biznes
icmaları arasında əlaqələrin inkişafı və birgə forumların
keçirilməsi investisiyaların cəlb edilməsinə və ortaq təşəbbüslərin
reallaşdırılmasına əlavə töhfə verəcək. Energetika, iqtisadiyyat,
əlaqəlilik, innovasiya və humanitar təmasları ehtiva edən bu bütöv
yanaşma həm Albaniya, həm də Azərbaycan üçün dayanıqlı
sosial-iqtisadi faydaların təmin edilməsinə və ikitərəfli
münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”, – deyə o
əlavə edib.
İnvestisiya imkanları
Kadia qeyd edib ki, Albaniya ölkənin milli inkişaf məqsədlərinə
və ikitərəfli əməkdaşlıq gündəminə uyğun olan bir sıra prioritet
sahələrdə Azərbaycan investisiyalarını alqışlayır.
“Enerji sahəsindən əlavə, Albaniya nəqliyyat və logistika,
turizm və otel işi, dayanıqlı kənd təsərrüfatı və ərzaq
məhsullarının emalı, rəqəmsal innovasiyalar və infrastrukturun
inkişafı sahələrində investisiyalar üçün böyük potensial görür.
Kiçik və orta biznes arasında ticarət və tərəfdaşlıq istiqamətində
də imkanlar mövcuddur ki, buna AIDA və AZPROMO arasında əməkdaşlıq,
eləcə də ticarət-sənaye palataları arasında əlaqələrin
möhkəmləndirilməsi vasitəçilik edir.
Sabit investisiya mühiti, qanunvericiliyin davamlı
harmonizasiyası, hədəfli biznes forumları və B2B təşəbbüsləri
sayəsində Albaniya qarşılıqlı iqtisadi faydalar yaradan və hər iki
ölkənin uzunmüddətli dayanıqlı inkişafına xidmət edən Azərbaycan
investisiyalarının cəlb edilməsini asanlaşdırmağa çalışır”, – deyə
Albaniyanın səfiri vurğulayıb.
O qeyd edib ki, alban şirkətləri Azərbaycanın azad edilmiş
ərazilərinin bərpasında iştirakda maraq göstərirlər.
“Belə layihələrdə iştirak təcrübə bölüşmək, infrastruktur,
tikinti və əlaqəli sahələrdə texnologiya və xidmətlər təqdim etmək
imkanı yaradır. Bu qarşılıqlı fəaliyyət ikitərəfli iqtisadi
əməkdaşlığın daha geniş çərçivəsinə uyğundur, ticarəti,
investisiyaları və uzunmüddətli biznes tərəfdaşlıqlarını
gücləndirir, habelə Albaniyanın dayanıqlı inkişafı və regional
rifahı təşviq edən təşəbbüslərə dəstək öhdəliyini əks etdirir”, –
deyə Kadia bildirib.
İqtisadi əlaqələrin genişləndirilməsi üçün digər imkanlardan
danışan səfir qeyd edib ki, Albaniya alban və azərbaycanlı
şirkətlər arasında birgə müəssisələrin yaradılmasını ikitərəfli
iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün strateji alət kimi
alqışlayır.
“Belə tərəfdaşlıqlar təcrübə, texnologiya və resursların
birləşdirilməsi üçün imkanlar yaradır, innovasiyaların təşviqinə,
rəqabət qabiliyyətinin artırılmasına və birgə layihələrin uğurla
həyata keçirilməsinə töhfə verir. Birgə müəssisələr xüsusilə
energetika, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və
turizm kimi sahələrdə böyük potensiala malikdir, həmçinin
ticarətin, investisiyaların və uzunmüddətli əməkdaşlığın inkişafına
xidmət edir. Onlar dayanıqlı inkişafa və ikitərəfli münasibətlərin
dərinləşdirilməsinə ortaq sadiqliyi əks etdirir”, – deyə o izah
edib.
Bundan əlavə, turizm əməkdaşlığından danışan səfir Azərbaycanın
və Albaniyanın arasında birbaşa aviareyslərin açılmasını ikitərəfli
münasibətlərin möhkəmləndirilməsi üçün strateji addım kimi
alqışladıqlarını bildirib.
“Vizadan azad səyahət haqqında mövcud sazişə əsaslanan hava
əlaqəsinin genişləndirilməsi biznes, turizm və mədəni mübadilələrin
inkişafına, eləcə də insanlar arasında əlaqələrin güclənməsinə
xidmət edəcək. Bu təşəbbüs ticarətin, investisiyaların və regional
əlaqəliliyin genişləndirilməsi istiqamətində davam edən səyləri
tamamlayaraq, hər iki ölkənin iqtisadi, mədəni və sosial
tərəfdaşlığın dərinləşdirilməsinə ortaq sadiqliyini əks etdirir”, –
deyə o əlavə edib.
Azərbaycan və Ermənistan arasında sülh prosesi
haqda
Səfir qeyd edib ki, Albaniya Azərbaycan və Ermənistan arasında
dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri
alqışlayır və ümid edir ki, bu addımlar münaqişənin uzunmüddətli
həllinə gətirib çıxaracaq.
“Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkənin
suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına
dəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalq
norma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktiv
dialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldə
olunmasının əsas açarıdır.
Albaniya hər iki ölkənin qarşıdurma əvəzinə dialoqa hazır
olmasını yüksək qiymətləndirir və Prezident Trampın liderliyi ilə
Ağ Ev səviyyəsində təsbit olunmuş sülh yolunda tarixi mərhələni
alqışlayır. Biz bu razılaşmanı onilliklər davam edən münaqişənin
başa çatmasını tərənnüm edən, münasibətlərin tam normallaşması,
eləcə də regional etimadın, sabitliyin və təhlükəsizliyin
möhkəmləndirilməsi üçün əsas yaradan mühüm addım kimi
qiymətləndiririk”, – deyə Kadia bildirib.
Qarşıda gözlənilən tədbirlər və səfərlər
barədə
Səfir qeyd edib ki, Albaniya Azərbaycanla ikitərəfli
əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək yüksək
səviyyəli səfərlər və birgə tədbirlər silsiləsini səbirsizliklə
gözləyir.
“İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçi
Qrupunun ikinci iclasının Tiranada keçirilməsi planlaşdırılır. Bu
iclas konkret layihələrin təşviqi və institusional qarşılıqlı
fəaliyyətin dərinləşdirilməsi üçün platforma yaradacaq. Prezident
Bayram Beqay 13–15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycana
səfər edəcək ki, bu da Albaniyanın mədəni və intellektual
mübadiləyə sadiqliyini nümayiş etdirir.
Bundan savayı, 18 may 2026-cı il tarixində Bakıda keçiriləcək
“WUF13” çərçivəsində dünya liderlərinin xüsusi görüşlərində Baş
nazir Edi Ramanın iştirakı gözlənilir ki, bu da Albaniyanın
regional və qlobal dialoqlarda fəal rolunu əks etdirir. Digər bir
sıra səfərlər və birgə təşəbbüslər təsdiqlənmə mərhələsindədir ki,
bu da hər iki ölkənin iqtisadi, mədəni və texnoloji sahələrdə
əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı sadiqliyini göstərir”,-
deyə Kadia yekunlaşdırıb.

