
Bakı. Trend:
Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son
dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır və ümid
edir ki, bu addımlar münaqişənin uzunmüddətli həllinə gətirib
çıxaracaq.
Bunu Trend-ə özəl
müsahibəsində
Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart
Kadia bildirib.
“Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkənin
suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına
dəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalq
norma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktiv
dialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldə
olunmasının əsas açarıdır.Albaniya hər iki ölkənin qarşıdurma
əvəzinə dialoqa hazır olmasını yüksək qiymətləndirir və Prezident
Trampın liderliyi ilə Ağ Ev səviyyəsində təsbit olunmuş sülh
yolunda tarixi mərhələni alqışlayır. Biz bu razılaşmanı onilliklər
davam edən münaqişənin başa çatmasını tərənnüm edən, münasibətlərin
tam normallaşması, eləcə də regional etimadın, sabitliyin və
təhlükəsizliyin möhkəmləndirilməsi üçün əsas yaradan mühüm addım
kimi qiymətləndiririk”, – deyə Kadia bildirib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

