
Ağdam. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na
əsasən, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC
tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir. Fəaliyyətin
davamı olaraq Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və
Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış
məntəqələri və fəaliyyət göstərən biznes subyektləri
telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən
rayonlarda müasir avadanlıqlar quraşdırılıb.
Bunu Trend-ə
açıqlamasında “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva
bildirib.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisində internet də daxil
olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev
təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev
təsərrüfatı və 22 biznes subyektini əhatə edib:
“GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının
tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri)
yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet
+ televiziya (ikisi birində)” və “internet + telefoniya +
televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170”
Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdam
şöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə
(ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı
vasitəsilə müraciət edə bilərlər”.

