
Bakı. Trend:
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə
“Böyük Qayıdış” Proqramı çərçivəsində yerli əhali arasında sağlam
həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və
maarifləndirmə aksiyalarının keçirilməsi davam etdirilir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qəbildən olan növbəti aksiya 16 yanvar
tarixində Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ)
mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti
tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni
zamanda maarifləndirici tədbirlər həyata keçirilib.
“Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən səyyar tibbi
aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının
artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların
sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasında
reproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktik
tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin
artırılmasıdır.
Aksiya çərçivəsində İnstitutun həkimləri tərəfindən tibbi
müayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar
və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub.
Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri
qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti,
yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım
mövzularında maarifləndirici təlimlər təşkil edilib.
Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və
onların valideynləri iştirak ediblər.
Səyyar aksiya zamanı mama-ginekoloqlar tərəfindən yeniyetmə
qızlar arasında ginekoloji müayinələr aparılıb, həmçinin fərdi
konsultasiyalar verilib. Konsultasiyalar zamanı reproduktiv
sağlamlıq, yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər,
ginekoloji problemlərin erkən profilaktikası və sağlam həyat tərzi
mövzularında ətraflı izahatlar təqdim olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş
digər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi
xidmətlərlə əhatə dairəsinin genişləndirilməsinə xidmət edir.

