Azərbaycanla sülh prosesindəki irəliləyiş Ermənistanın reytinqini qaldıra bilər – “Fitch”

Baş səhifə

Bakı.Trend:

Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın kredit
reytinqinə müsbət təsir göstərə bilər.

Bu barədə Trend
Fitch Ratings agentliyinə istinadən xəbər verir.

“Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitent
defolt reytinqi (LTFC IDR) üzrə proqnozunu “Sabit”dən “Müsbət”ə
dəyişib və reytinqin özünü BB- səviyyəsində təsdiqləyib.

“Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasına
hədəflənmiş birgə bəyannamə imzalayıblar ki, bu da qısamüddətli
perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə
azaldır. Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricən
açılır. Həmçinin Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədə
yaxşılaşır və məlumatlara görə, Türkiyə hökuməti Ermənistanla quru
sərhədinin açılması imkanını nəzərdən keçirir”, – “Fitch”in
hesabatında qeyd olunur.

Agentlik hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcıl
şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması
Ermənistan iqtisadiyyatının orta müddətli proqnozu üçün əlavə artım
potensialı yarada bilər.

Reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında “Fitch”
geosiyasi riskləri artıran və siyasi-iqtisadi sabitliyi sarsıdan
hadisələri, o cümlədən Azərbaycanla mövcud sülh prosesinin
pozulmasını qeyd edir.

Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəlməsinə
səbəb ola biləcək əsas amillər sırasında geosiyasi risklərin və
daxili siyasi qeyri-müəyyənliyin davamlı azalması, xüsusilə
Azərbaycanla sülh prosesində mühüm irəliləyiş durur.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir