
Bakı. Trend:
Qanunvericilikdəki avtomagistral anlayışında dəyişiklik
ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yol
hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, avtomagistral
nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə
tutulmuş elə bir yoldur ki:
- həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti
təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə
edilə bilməz; - ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın
müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət
istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri var, həm də bu
hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın
və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd
qoyulub; - dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada
zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; - hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya
durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə
xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz
edilir.
Qanun layihəsində yuxarıda bəhs edilən
avtomagistral anlayışının yeni redaksiyada
verilməsi təklif edilir.
Belə ki, bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan,
başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 (avtomagistral)və 5.2
(avtomagistralın qurtaracağı) nişanları ilə işarələnən,
biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə
ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan
hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol,
tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə
kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi
istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol
avtomagistral hesab ediləcək.

