
Bakı. Trend:
Qlobal inflyasiya səviyyəsinin aşağı düşməyə davam edəcəyi
gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən,
baza inflyasiya 2026-cı ildə 3,8 faiz, 2027-ci ildə isə 3,4 faiz
təşkil edəcək.
Bu barədə Trend
BVF-nin “World Economic Outlook 2026” hesabatının yanvar
buraxılışına istinadən məlumat verir.
“Proqnozlar 2025-ci ilin oktyabr hesabatı ilə müqayisədə faktiki
olaraq dəyişməz qalıb, bu arada, əsas tendensiyalar – tələbin
zəifləməsi və enerji resurslarının qiymətlərinin enməsi – qorunur.
ABŞ ilə digər ölkələrin əksəriyyəti arasında inflyasiya
dinamikasındakı fərq isə davam edir”,-deyə sənəddə qeyd olunur.
BVF analitikləri bildirirlər ki, yüksək tariflərin təsirlərinin
tədricən əks olunması fonunda ABŞ-da baza inflyasiya 2027-ci ildə
yenidən hədəf səviyyə olan 2 faizə qayıdacaq.
“Avstraliya və Norveçdə də inflyasiyanın uzun müddət hədəf
səviyyədən yuxarı qalacağı proqnozlaşdırılır. Böyük Britaniyada
ötən il tənzimlənən tariflərdəki birdəfəlik dəyişikliklər
səbəbindən inflyasiya artmışdı; lakin əmək bazarının zəifləməsi və
əməkhaqqı artımının yavaşıması fonunda 2026-cı ilin sonuna doğru
inflyasiyanın yenidən hədəf səviyyəyə qayıdacağı gözlənilir.
Yaponiyada isə ərzaq və xammal qiymətlərinin azalması nəticəsində
2026-cı ildə inflyasiyanın yumşalacağı və 2027-ci ildə hədəf
səviyyəyə yaxınlaşacağı proqnozlaşdırılır”, – deyə hesabatda
bildirilir.
Avrozona üzrə ümumi inflyasiyanın təxminən 2 faiz səviyyəsində
qalacağı, baza inflyasiyanın isə 2027-ci ildə 2 faiz olacağı
gözlənilir.
“Çində inflyasiyanın aşağı səviyyələrdən başlayaraq artacağı,
Hindistanda isə 2025-ci ildə ərzaq qiymətlərinin aşağı olması
səbəbindən qeydə alınmış nəzərəçarpacaq enişdən sonra inflyasiyanın
yenidən hədəf səviyyəyə qayıdacağı proqnozlaşdırılır”, – deyə BVF
hesabatında qeyd olunur.

