
Bakı.Trend:
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya
edilib.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım
və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli
Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası
vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və
Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş
Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və
Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin
edilmişdir.
Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun
külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini
törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul
edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə
beynəlxalq axtarışa verilmişlər. Qeyd olunan şəxslər Rusiya
Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi
Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan
Respublikasına gətirilmişlər.
Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət
işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət
əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov
Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq
axtarış elan edilmiş, Qazaxıstan Respublikasının ərazisində
saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına
gətirilmişdir.

