
Bakı. Trend:
Bu gün xalqımıza qarşı törədilən ən böyük cinayətlərdən
biri olan 20 yanvar hadisələrinin 36-cı ili tamam olur. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və
respublikamızın digər bölgələrində törətdiyi bu cinayət tariximizə
yalnız faciə kimi deyil, həm də xalqımızın milli azadlıq
mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Bu faciə
xalqımızı yumruq kimi birləşdirdi və göstərdi ki, müstəqillik
uğrunda mübarizənin qarşısını heç bir qüvvə ala
bilməz.
147 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması ilə
nəticələnən bu cinayət birbaşa sovet dövlətinin rəhbərliyinin
göstərişi ilə törədilmişdi. Həmin vaxt Sov.İKP Mərkəzi Komitəsinin
baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi,
Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun
hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna gətirilmişdilər.
Dinc əhaliyə qarşı hərbi əməliyyata isə SSRİ müdafiə naziri Dmitri
Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin
müavini Filipp Bobkov həyata keçirmişdilər.
Təəssüflə qeyd edilməlidir ki, 20 yanvar faciəsinin baş
verməsində Azərbaycanın o zamankı rəhbərliyinin də mütiliyi və kölə
təfəkküründə olması mühüm rol oynamışdı. Bu hadisə Azərbaycanı
lərzəyə gətirməsinə, ictimaiyyətdə doğurduğu qəzəbə və əhalinin
təkidli tələblərinə baxmayaraq, vətənpərvərlik hisslərindən məhrum
olan yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla
keçməyə üstünlük verdilər, laqeyd münasibətlərini ortaya qoyaraq
Kremlin qəzəbinə tuş gəlmək istəmədilər və buna görə SSRİ
rəhbərliyinə heç bir etiraz bildirilmədi. Faciədən sonra o zamankı
Azərbaycana başçılıq edən Ə.Vəzirov vəziyyətdən çıxış yolunu ölkəni
tərk etməkdə gördü. 1990-cı il yanvar ayının 22-də çağırılan
Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq
qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam
etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan
komissiyasının da işi başa çatdırılmamış qaldı.
Həmin vaxt 20 yanvar faciəsi ilə bağlı ilk olaraq sərt etirazını
bildirən xalqımızın dahi oğlu Heydər Əliyev oldu. Faciənin ertəsi
günü – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələn Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu
hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdi
və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş
siyasi səhv olduğunu bəyan etdi. Vətəndaş qeyrəti və həqiqi
vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə məhz Heydər Əliyev
həm də xalqımızın haqq səsini dünyaya çatdırdı. Bu bəyanat dünya
azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə
etdi.
Azərbaycanın o zamankı rəhbərliyi 20 yanvar faciəsi ilə bağlı
susduğu üçün hadisələrə rəsmi şəkildə heç bir siyasi-hüquqi qiymət
verilmədi. Yalnız Heydər Əliyevin təşəbbüsləri ilə 1990-cı il
noyabrın 21-də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali
Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar
qəbul edildi. Heydər Əliyevin qətiyyətinin və vətənpərvərliyinin
təcəssümü olan bu qərar həm də Ulu Öndərin hələ sovet dövlətinin
mövcud olduğu bir şəraitdə heç nədən çəkinməyərək, öz xalqının
milli haqqını qoruduğunu nümayiş etdirən tarixi siyasi aktdır.
Naxçıvanda qəbul edilən qərarda həmçinin respublika səviyyəsində
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi tələb
olunurdu. Lakin sovet dövründə Azərbaycana rəhbərlik edənlər belə
bir qərarın qəbul olunması üçün özlərində cəsarət tapa bilmədilər.
Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində
respublikamızda iqtidarda olanlar da 20 yanvar faciəsinin üzərindən
sükutla keçdilər. Hətta 20 Yanvar hadisələrinə siyasi qiymət
verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC-də hakimiyyətə
gəldikdən sonra bu mövzunu unutdu. Bu siyasi qaragüruh hakimiyyətdə
olduğu dövrdə faciəyə hüquqi qiymət vermək üçün öz imkanlarından
istifadə etmədi. Bu fakt xalqın mübarizəsini özünün siyasi
niyyətləri üçün alətə çevirən AXC-nin başında duranların iç üzünü
nümayiş etdirdi.
20 yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi
qiymətin verilməsinə yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin 20
Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il
yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam
siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın
müstəqillik yolunda mübarizəsinin dolğun mənzərəsini əks etdirməli
idi. Beləliklə, 1994-cü ilin mart ayının 29-da Milli Məclis
tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında” qərar qəbul olundu. Qərarda deyilir:
“Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq,
demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan
xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə
bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü
nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı
Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna
yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə
çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan
xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz
və cinayət kimi qiymətləndirilsin”.
Beləliklə, 20 Yanvar hadisələri məhz Heydər Əliyevin sayəsində
respublika səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Respublikamızda 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının
göstərilməsi hər zaman diqqət mərkəzindədir. Məhz Heydər Əliyevin
təşəbbüsü ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi
yaradılıb. Ulu Öndər tərəfindən 1998-ci il martın 31-də “20 Yanvar
Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalanıb.
Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli fərmanı ilə 1990-cı
ilin yanvarında şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi”
fəxri adı verilib.
Bütün sahələrdə Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti
layiqincə davam etdirən Prezident İlham Əliyev də 20 yanvar
şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial
məsələlərinin həllinə xüsusi diqqət ayırır. Paytaxtımızda vüsət
alan abadlıq işlərinə paralel olaraq Şəhidlər Xiyabanında
da əsaslı təmir və yenidənqurma işləri aparılıb, Bakıdakı “20
Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi
ucaldılıb.
Habelə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar
hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri
üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının
“20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19
yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə təqaüd verilir.
2025-ci ildə icra olunan növbəti sosial islahat paketi çərçivəsində
də 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün Prezidentin aylıq
təqaüdü 700 manata çatdırılıb. O cümlədən, 20 Yanvar hadisələri ilə
əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü,
əlilliyi olan şəxslər üçün müavinət və əlilliyi olan şəxslərə
qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılıb. İndiyədək, 20
Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil,
100-dək avtomobil təqdim edilib.
36 il əvvəl törədilən 20 Yanvar faciəsi bütün dünyaya
Azərbaycan xalqının sarsılmaz ruhunu, milli mübarizə əzmini nümayiş
etdirdi. Artıq həm 1990-cı ilin yanvarında, Birinci və İkinci
Qarabağ savaşlarında şəhid olan bütün oğul və qızlarımızın ruhu
rahatdır. Çünki Azərbaycan dövləti şəhidlərimizin uğrunda
canlarından keçdikləri bütün məqsədlərinə nail olub. Müstəqil
Azərbaycan artıq ərazi bütövlüyünü də bərpa edərək tarixinin ən
qüdrətli dövləti səviyyəsinə yüksəlib.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

