Azərbaycanda mənzil tikintisinə ötən il 3 milyard manatdan çox sərmayə yatırılıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala
yönəldilmiş investisiyaların dəyəri 5,725 milyard manat təşkil
edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3%
çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 27%-ə bərabər olub.




Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın
3,074 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da
2024-cü ildəki göstəriciyə nisbətən 8% artım deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 14,5%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial
sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az
investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi
sərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı
sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin,
3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət
sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun
75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili
mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi
sərmayənin 80,2 faizini təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir