
Bakı. Trend:
Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş bir
kişi meyiti tapılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dəniz polisi bunun itkin düşmüş rusiyalı üzgüçü
Nikolay Sveçnikov ola biləcəyini ehtimal edir.
Qeyd olunur ki, dəniz polisi üzgüçülük kostyumu geyinmiş naməlum
kişi cəsədini aşkar edərək sahilə çıxarıb. Digər təfərrüatlar
açıqlanmır.
29 yaşlı Sveçnikov avqustun 24-də Bosfor boğazı üzərindən
keçirilmiş genişmiqyaslı beynəlxalq üzgüçülük yarışının
iştirakçılarından biri olub. Yarışda 81 ölkədən təxminən 3 min
üzgüçü iştirak edib. Lakin finişdə rusiyalı idmançı görünməyib.
Daha sonra Rusiya Federasiyasının İstanbul şəhərindəki Baş
Konsulluğu Sveçnikovun aktiv axtarışlarının dayandırıldığını, lakin
onun itkin düşməsi ilə bağlı istintaqın davam etdiyini
bildirib.

