
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dayanıqlılıq, bərpa
olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend xəbər
verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə
hesabında paylaşım edib.
“World Economic Forum 2026” çərçivəsində “Honeywell” şirkətinin
İdarə Heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur ilə
məhsuldar görüş keçirdik.
Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşma və
innovasiyanın enerji keçidinin sürətləndirilməsində, eləcə də
enerji dəyər zənciri boyunca səmərəliliyin artırılmasında rolu
müzakirə olundu. Bununla yanaşı, dayanıqlılıq, bərpa olunan enerji,
insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd
edilib.
Qeyd edək ki, “Honeywell” avtomatlaşdırma, aviasiyanın gələcəyi
və enerji keçidi sahələrində dünyanın ən mürəkkəb çağırışlarının
həllində təşkilatlara dəstək göstərir. Şirkət tərəfdaş kimi
Aerokosmik Texnologiyalar, Bina Avtomatlaşdırılması, Proses
Avtomatlaşdırılması və Texnologiyaları (PA&T) və Sənaye
Avtomatlaşdırılması üzrə biznes seqmentləri vasitəsilə – “Honeywell
Forge” proqram təminatının dəstəyi ilə – dünyanı daha ağıllı, daha
təhlükəsiz və daha dayanıqlı etməyə kömək edən praktik həllər və
innovasiyalar təqdim edir.
10 milyondan çox kommersiya binası fəaliyyətin səmərəliliyini
artırmaq, istifadəçilər üçün daha komfortlu, təhlükəsiz və sağlam
məkanlar yaratmaq məqsədilə şirkətin texnologiyalarından istifadə
edir.

