
Davos. Trend:
Serbiya, Azərbaycan və Ermənistan süni intellekt, innovasiyalar
və müdafiə kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməli, eyni
zamanda öz suverenliyini və milli maraqlarını qorumalıdır.
Trend xəbər verir ki, bunu
Serbiya Prezidenti Aleksandar Vuçiç Davosda “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında
çıxışı zamanı söyləyib.
Vuçiçin sözlərinə görə, müasir dünyada “böyük balığın kiçik
balığı beynəlxalq qaydalara məhəl qoymadan udduğu” bir şəraitdə
kiçik dövlətlər arasında qarşılıqlı əlaqə xüsusilə vacibdir.
“Biz bir-birimizlə yola getməliyik, əməkdaşlıq etməliyik, birgə
çox iş görməliyik. Çünki bu gün qaydaların və tənzimləmənin
çatışmadığı bir dünyada biz özümüz özümüzə qayğı göstərməli
olacağıq”, – deyə o qeyd edib.
Serbiya Prezidenti vurğulayıb ki, region ölkələri seçim
qarşısındadır: yeni formalaşan böyük qlobal güc mərkəzlərinə
qoşulmaq və ya müstəqilliklərini qorumaq. O, Serbiya, Azərbaycan və
Ermənistanın suverenlik yolunu seçəcəyinə əminliyini ifadə
edib.
“Azərbaycan xalqını, erməni xalqını və serb xalqını tanıyaraq
əminəm ki, biz ikinci variantı – ölkələrimizin, xalqlarımızın,
suverenliyimizin və müstəqilliyimizin qorunmasını, əlbəttə ki, hamı
ilə əməkdaşlıq etmək istəyi ilə – seçəcəyik”, – deyə Vuçiç
bildirib.
O, həmçinin innovasiyalar sahəsində daha sıx əməkdaşlığa və
müntəzəm siyasi məsləhətləşmələrə çağırış edib.
Vuçiç əlavə edib ki, Ermənistanı və Azərbaycanı dost ölkələr
hesab edir və Qafqaz dövlətlərinin Avropa ilə Asiya arasında körpü
kimi strateji əhəmiyyətini vurğulayıb.
“Birlikdə olanda biz daha güclüyük. Qafqaz ölkələri Avropa ilə
Asiya arasında əsas vasitəçi və eyni zamanda təmas nöqtəsinə
çevrilib. Biz hər üçümüz Avropa Siyasi Birliyinin üzvləriyik. Aİ-yə
gedən yoldayıq, bu prosesdə Serbiya bir qədər irəliləyib, lakin
ümumilikdə oxşar vəziyyətdəyik”, – deyə o bildirib.

