
Bakı. Trend:
Ukraynanın Baş naziri Yuliya Sviridenko enerji sahəsində
göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirib.
Trend xəbər verir ki, Yuliya
Sviridenko “Telegram” səhifəsində yaxın günlərdə Azərbaycan,
Slovakiya və Çexiyadan əlavə enerji yüklərinin Ukraynaya
çatdırılacağını qeyd edib.
Baş nazir yazıb: “Bütün tərəfdaşlarımıza davamlı dəstəyə və
artıq göstərilən yardıma görə təşəkkür edirik”.
O bildirib ki, təqdim olunan bütün yardımlar Ukrayna evlərində
istilik və enerji təchizatının bərpasına, həmçinin Rusiya
qüvvələrinin intensiv atəşləri nəticəsində zərər görmüş enerji
obyektlərinin yenidən qurulmasına yönəldilir.
Onun sözlərinə görə, daha dörd ölkə Ukraynaya enerji yardımı
paketləri təqdim etməyə hazırlaşır. Bundan əlavə, İrlandiya gələn
həftə Ukraynanın Enerji Dəstək Fonduna 25 milyon avro məbləğində
ianə edəcək.

