
Davos. Trend:
Yanvarın 20-də Prezident İlham Əliyev Davosda “Euronews”
televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi
“Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak
edib.
Trend xəbər verir ki,
dövlətimizin başçısı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarını cavablandırıb.
Moderator: Sabahınız xeyir, Zati-aliləri,
xanımlar və cənablar.
Bu səhər çox xüsusi tədbirdə xoş gördük. Burada Azərbaycan və
daha geniş bölgə üçün regional rifahın təmin edilməsi, iqtisadi
imkanların yaradılması mövzusunda Azərbaycan rəhbərliyi ilə Davosda
ilk səhər yeməyinə xoş gəlmisiniz. Bu gün biz daşımalar, energetika
və əlbəttə ki, iqtisadi inkişaf üzrə regional qovşaq kimi
Azərbaycanın artan rolunu araşdırmaq məqsədilə Sizi, hökumət
rəsmilərini, biznes rəhbərlərini və sərmayədarları salamlayırıq.
İndi isə bu sessiyada regional daşımalar, strateji sərmayə
prioritetləri və Azərbaycanın dayanıqlı inkişafla bağlı planlarını
nəzərdən keçirməyə çalışacağıq. Əvvəlcə, mən böyük məmnuniyyətlə
açılış nitqi üçün “Euronews” kanalımızın sədri cənab Pedro Varqas
Davidi səhnədə salamlayıram. Xoş gəlmisiniz, Pedro.
Pedro Varqas: Sağ olun. Sabahınız xeyir.
Beləliklə, ilk növbədə, icazənizlə deyim ki, “Euronews” burada –
Davosda Azərbaycan rəhbərliyi ilə ilk səhər yeməyini təşkil
etməkdən fərəh hissi duyur. Azərbaycan çox sürətli templə dəyişir
və düşünürəm ki, auditoriyada bu qədər mötəbər qonaqları qəbul
etmək və bir araya toplamaq məqsədilə “Euronews”la Azərbaycan
arasında birlik Azərbaycanla müzakirə etmək, onunla birgə işləmək
marağını, iradəsini göstərir və həqiqətən, gələcəkdə bu ölkənin ən
parlaq ulduzlardan birinə çevrilməsi fürsətini ehtiva edir. Lakin,
əvvəla, mən tarixi məqamla başlamalıyam. Çoxsaylı azərbaycanlı
dostlarımız və Zati-aliləri, cənab Prezident buradadırlar. Biz,
həmçinin Bakının işğalı zamanı sovetlərin müdaxiləsi nəticəsində
130-dan artıq azərbaycanlının həyatını itirdiyi Qara Yanvarın 36-cı
ildönümünü bu gün qeyd edirik. Bu gün elə dünyada yaşayırıq ki,
geriyə qayıtmağa, tarixə nəzər salmağa və yad etməyə ehtiyac
duyuruq. O vaxt baş vermiş faciəli hadisələrə görə Sizə başsağlığı
veririk.
İndi isə 2026-cı ildə Azərbaycan sülh içində yaşayır. Azərbaycan
bütün ərazi bütövlüyünü bərpa etmiş, inkişafa çalışan, növbəti
addımlarını planlaşdıran bir ölkədir. Cənab Prezident, Sizin
rəhbərlik keyfiyyətləriniz liderin öz ölkəsinin gələcəyinə necə
təsir edə biləcəyini, sülhə necə nail olacağını göstərir. Hətta
təklif edərdim ki, Sizə və ermənistanlı həmkarınıza sülh mükafatı
verilsin. Məsələ ilə bağlı müzakirə açmaq istəməzdim, lakin
əminliklə deyə bilərəm ki, Siz ən mühüm sülh mükafatını artıq əldə
etmisiniz – xalqınızın sülh mükafatını qazanmısınız, ədalətin və
rifahın təmin edilməsi tanınır, gördüyünüz işlər sayəsində sülhün
bərqərar olunduğu etiraf edilir. Bunlar yəqin ki, istənilən
təşkilatın hər hansı qızıl medalından və ya digər mükafatından daha
dəyərlidir. Əlbəttə ki, mən FIFA-nı nəzərdə tuturdum.
Cənab Prezident, Siz fərəh hissi duyan ölkəyə, öz gələcəyinə
əmin olan ölkəyə rəhbərlik edirsiniz. Siz də hiss edə bilərsiniz
ki, Azərbaycan dünyada öz mövqeyindən əmindir. “Euronews”dan əlavə
olaraq, xarici investor kimi biz özəl kapitalımızla Azərbaycana
sərmayə yatırmaqdan şadıq və icazə verin, Azərbaycanın hazırkı
mövqeyinin uğurunun təməlində dayanan üç sahəni qeyd edim. Birinci
yerdə Sizin diplomatik keyfiyyətləriniz, beynəlxalq diplomatiyanız
dayanır. Sizin ölkəniz çox mürəkkəb coğrafiyada salınmış bir
körpüdür. Mən Portuqaliyadanam. Bizim üçün çox asandır, İspaniyadan
olan qardaşlarımız var. Lakin Sizə deyim ki, onlar da heç də hər
zaman qardaşımız olmayıb. Biz beş əsr onlarla vuruşmuşuq. Hər zaman
Cənubi Qafqazdakı dostlarıma deyirəm ki, baxın, sərhədlərin
olmaması mümkündür. Bildirmək istəyirəm ki, biz, demək olar,
ölkələr arasında fərqlərin müəyyən edilməsində çətinlik çəkirik.
Onlar günortalar yatır, qalan vaxtda isə çox səs-küylü olmaqda
davam edirlər. Əlbəttə, biz futbolda da qarşılaşırıq. Ümid edirəm
ki, yaxın zamanlarda biz Bakıda Azərbaycan ilə Ermənistan arasında
futbol meydançasında qarşılaşmanı, 11 oyunçunun digər 11 oyunçu ilə
mübarizə aparmasını görə biləcəyik və deyəcəyik, qoy güclü aparsın.
Bununla belə, ümidvaram ki, son illərdə Portuqaliyanın töhfəsi o
qədər yaxşı olmasa da, biz yaxın vaxtlarda təkmilləşəcəyik.
Cənab Prezident, mən düşünürdüm ki, bu ilin Davos tədbirində
İran məsələsinə dair müzakirələr aparacağıq. Amma görünür, bu
tədbir Qrenlandiya ilə bağlı müzakirələrlə keçəcək. Təbii ki,
qonşunuz Rusiyadırsa, İrandırsa, qonşuluqda tarixən ərazi iddiaları
olan ölkələr varsa, baş çıxarmaq asan deyil. Sizə güc və
diplomatiyanın kombinasiyası lazımdır. Məncə, Siz buna nail
olmusunuz. Digər tərəfdən, düşünürəm ki, Mərkəzi Asiya ilə
münasibətlərinizdə Siz çox mühüm dəyişiklik etdiniz. Əlbəttə,
tarixi köklərə gəldikdə, Siz türkdilli ölkəsiniz. Lakin beşliyə,
indi isə altılar qrupuna qoşulmağınız vacib an idi və həmin
məsələdən dünyanın qalan hissəsi də yararlanmalıdır. Mənim üçün
hazırda sərmayələr baxımından bölgəniz ən yaxşı regionlardan və
risk-gəlir nisbətinə görə ən yaxşı yerlərdən biridir. Daha çox
qərbyönümlü sərmayədarlar üçün bu regiona diqqət yetirmək, burada
bazarların imkanlarını araşdırmaq məqsədəuyğundur. Bütün küləkləri
ilə Bakı heç vaxt bu qədər sakit olmayıb. Siz nəinki körpü
saldınız, həmçinin buxta yaratdınız. Həmin buxtada müsəlmanlar,
xristianlar və yəhudilər ahəngdarlıq məkanı tapıblar. Əfsuslar
olsun ki, bugünkü dünyada normal vəziyyət hər yerdə artıq nadir
hadisə hesab edilir. Ölkəniz Xəzər ilə Qara dənizi birləşdirən
dünyəvi dövlətdir. Xüsusən də burada – Avropada strateji meyarlar
haqqında danışdıqda, həmin iki dəniz gələcəyimiz üçün çox
önəmlidir.
İkincisi, Siz etibarlı iqtisadi tərəfdaşsınız. Ölkədə həyata
keçirdiyiniz və davam edən islahatlarla Azərbaycan hazırda xarici
sərmayəni qəbul edən, ona açıq olan ölkədir. Düşünürəm ki,
imkanların olacağı çox mühüm üç sahəni qeyd etmək olar. Orta sinfə
və yerli bazarlara nəzər salsaq, həmin orta sinfə və artıma
innovasiya gətirmək, sərmayə yatırmaq üçün bir çox sektorlarda,
həqiqətən, imkanlar var. Həcmlərin azaldığını görürük, lakin
işlərin miqyası birmənalı olaraq, bu azalmanı tamamlayır. Bir
sözlə, Azərbaycanda orta sinfin inkişafında böyük imkan var.
İngilis dilində danışan ali təhsilli gənc nəsil var. O, İT
sahəsində daha çox ixtisaslaşır. Bu, yekun nəticədə istər
texnologiyalarda, istər digər İT sektorlarında imkanlar açacaq.
Nəhayət, infrastruktur barədə danışaq. Əlbəttə, Tramp marşrutu
və həyata keçirdiyiniz islahatlarla Azərbaycan həm hava və dəniz
limanlarında, həm fiber-optikada, həm də böyük məlumat mərkəzləri
baxımından iri infrastruktur sərmayələri üçün təbii qovşağa
çevriləcək. Yeri gəlmişkən, mən istəməzdim, böyük məlumat
mərkəzləri sahəsində hər hansı digər sərmayədar irəliyə bizdən daha
sürətlə getsin. Enerji tarifləri, strateji mövqeyi baxımından
Azərbaycan üçün kifayət qədər böyük fürsət yaranacaq. İndi isə
rəqəmlərin növbəsi çatdı. Bir halda ki, mən ixtisasca iqtisadçıyam
və biz Davosdayıq, gəlin, bəzi rəqəmləri səsləndirək.
Keçən il Sizin qeyri-neft sektorunda ÜDM 2,7 faiz artıb.
Əlbəttə, hamımız ötən il enerji sektorunda nələrin baş verdiyini
yaxşı bilirik, lakin Azərbaycan digər sahələrdə əhəmiyyətli artımı
davam etdirir. Son məlumatlara əsasən, ölkədə adambaşına düşən ÜDM
7 400 dollara çatıb. Ehtimal ki, bunlar ötən həftənin
göstəriciləridir.
Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan biznes üçün açıqdır.
Biz deyirik ki, pullarınızı bəyəndiyiniz yerə yatırmalısınız, elə
deyilmi? Məhz buna görə də bu gün böyük məmnuniyyətlə elan edirik
ki, Alpac Azərbaycan, Özbəkistan və digər regionlar üçün yeni
fondumuzun ilk bağlanışını həyata keçirir və buna nail olur.
Bu fond bizim müzakirə etdiyimiz bir çox sahələrə investisiya
yatıracaq. Biz fond üçün 250 milyon avro hədəfi üzərində razılığa
gəlmişik və görürük ki, yaxın 4-5 il ərzində bu, ölkəyə yarım
milyard avroya qədər investisiya cəlb olunmasına gətirib çıxara
bilər. Ona görə də dediyimiz kimi, vəsaitlərinizi bəyəndiyiniz yerə
yatırmalısınız.
Düşünürəm ki, bizi izləyən bütün insanları və burada olan hər
kəsi dəvət edirik: Bakıya gəlin, Azərbaycanı ziyarət edin, vaxt
keçirin, komandalarınızı göndərin, bazarı tanıyın. İmkanlar
mövcuddur, hökumət əməkdaşlığa hazırdır. Region, şübhəsiz ki,
gələcək üçün strateji əhəmiyyət daşıyır.
Biz tərəfdaşlarımızla qürur duyuruq, Sizin liderliyinizdən ilham
alırıq və sülh, dünyəvilik, təhlükəsizlik və güclü iqtisadi inkişaf
məkanı olan bu torpaq üçün ümidliyik. Bu gün bizimlə birlikdə
olduğunuz üçün çox təşəkkür edirik. İndi isə söhbətin maraqlı
hissəsini sizə təqdim edirəm.
Moderator: Çox sağ olun, xanımlar və cənablar,
cənab Varqas. Pedro, çox təşəkkür edirəm.
Bildiyiniz kimi, bu gün çox xüsusi bir qonağımız var və onu
yenidən səhnədə salamlamaq mənim üçün böyük şərəfdir – Azərbaycan
Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Prezident İlham Əliyev: Sağ olun.
Moderator: Cənab Prezident, mən düşünürəm ki, əvvəlcə
Sizə qısa bir sual verim, sonra isə sözü auditoriyaya verək. Xahiş
edirəm, fikirlərinizi cəmləyin və öz suallarınıza hazır
olun.
Davosda sərmayədarlar getdikcə daha çox sabitliyə,
davamlılığa və uzunmüddətli gəlirlərə diqqət yetirirlər. Bu gün
Azərbaycanın əsas strateji investisiya prioritetləri
hansılardır?
Prezident İlham Əliyev: Əvvəla, məni dəvət
etdiyinə və bu möhtəşəm tədbiri təşkil etdiyinə görə “Euronews”a
təşəkkür etmək istərdim. Həmçinin ölkəmiz və əldə olunan
nailiyyətlər barədə deyilən xoş sözlərə görə minnətdaram. Şübhəsiz
ki, biz islahatlar yolunda irəliləməyə davam edəcəyik və “Euronews”
ilə güclü tərəfdaşlığımız Azərbaycanın olduğu kimi təqdim edilməsi,
nailiyyətlərimizin nümayiş etdirilməsi və potensial sərmayədarların
cəlb edilməsi üçün bir fürsətdir.
İnvestisiya prioritetlərinə gəldikdə, uzun illər ərzində bizim
üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə
iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat
səviyyəsini yaxşılaşdırmağa imkan verib. Bu gün enerji
layihələrinin böyük hissəsi artıq tamamlanıb. Bəli, biz
fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim
edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq
qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir.
İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci
prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji
sahəsinə artan marağı görürük. Artıq iki iri bərpaolunan enerji
elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində
Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə
artıracağıq.
Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8
giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız
çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə
üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları
barədə düşünürük. İlk yer artıq müəyyən edilib.
Biz ötürücü xətlərə investisiya qoyuluşunu gözləyirik, çünki
məqsədimiz yaşıl enerjinin ixracıdır. Məlumat mərkəzlərinə gəldikdə
isə hesab edirik ki, Azərbaycan sərmayədarlar üçün əsas
mərkəzlərdən birinə çevrilə bilər. Birincisi, enerji ucuzdur.
İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə
etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə
bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur.
Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda
heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr
idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir.
Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin
əldə oluna biləcəyi yer Azərbaycandır.
Biz bu istiqamətdə fəal işləyirik, o cümlədən Davosda keçirdiyim
görüşlər və nümayəndə heyətlərinin təmasları vasitəsilə. Beləliklə,
beynəlxalq əməkdaşlıq axtardığımız iki əsas investisiya sahəsi
bunlardır.
Üçüncü sahə isə mədənçilikdir. Bu sahə nisbətən yenidir. Çünki
nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində
Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda
ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat
mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın
mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin
o texnologiyalar tamamilə köhnə idi.
Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat
mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas
hədəflərdir.
Moderator: Müşahidə olunan geosiyasi parçalanma və
sanksiyaların təsiri altında münasibətlərin yenidən qurulması
şəraitində bağlılıq təşəbbüslərinin dayanıqlığını necə təmin etmək
olar? İqtisadi əməkdaşlıq və əlaqəlilik təşəbbüsləri gərgin siyasi
münasibətlər olsa belə neytral bir platforma rolunu oynaya
bilərmi?
Prezident İlham Əliyev: Biz neft və qaz
kəmərlərinin tikintisi üzrə bağlılıq məsələsi ilə məşğul olmuşuq,
çünki quru ilə əhatə olunmuş ölkəyik. Neft və qazı ixrac etmək üçün
digər ölkələrin ərazisindən keçməliyik. Biz Bakıdan başlayaraq
genişmiqyaslı və mürəkkəb boru kəməri layihələrindən birini uğurla
həyata keçirmişik. Bakıdan İtaliya sahillərinə qədər uzanan, ümumi
uzunluğu təxminən 3500 kilometr olan və bir neçə ölkədən keçən,
yəqin ki, ən mürəkkəb qaz kəməri layihələrindən birini uğurla
reallaşdırmışıq.
Təsəvvür etdiyiniz kimi, bunu etmək asan deyildi. Çünki biz boru
kəmərinin keçdiyi bütün ölkələrin hökumətləri ilə ev sahibi ölkəsi
müqavilələrini, kommersiya şərtlərini və tarifləri
razılaşdırmalıydıq. Biz bunu etdik. Artıq boru kəməri 5 ildir ki,
fəaliyyət göstərir. Neft boru kəməri bundan əvvəl çəkilmişdir. Biz
2006-cı ildə Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan əsas
ixrac boru kəmərinin açılışını etdik. Beləliklə bu, ilk bağlılıq
layihəsi idi. Sonra artıq qonşu ölkələrlə qurulmuş münasibətlər
əsasında biz nəqliyyat sahəsində bağlılıq layihələrinə sərmayə
yatırmağa başladıq. Biz başlanğıcını Azərbaycandan götürən,
Gürcüstan və Türkiyə ərazisindən keçən, oradan Avropaya və Aralıq
dənizi limanlarına gedən dəmir yolu xəttinə investisiya yatırdıq.
Beləliklə, bu layihə qismən Azərbaycandan Qərbə doğru ərazini əhatə
edirdi. İndi isə biz Azərbaycandan Şərq istiqamətində layihə
haqqında düşünürük.
Artıq burada qeyd olunduğu kimi, biz keçən il Mərkəzi Asiya
Ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü olduq. Bu, beş
Mərkəzi Asiya ölkəsinin prezidentləri tərəfindən qəbul olunmuş
Beşlik formatını Altılıq formatına çevirmək məqsədilə yekdil qərar
idi. Biz bunu Azərbaycana hörmət əlaməti, göstərdiyimiz səylərin
qiymətləndirilməsi kimi qəbul edirik. Həmçinin bunu müdriklik
əlaməti kimi də qəbul edirik, çünki bu gün Azərbaycandan yan keçmək
o deməkdir ki, siz sanksiyalar altındakı ərazilərdən keçməlisiniz.
Digər iki variant da mövcuddur, lakin onların hər ikisi
Azərbaycandan Şimala və Cənuba – sanksiyaların qüvvədə olduğu
zonalardan keçir ki, bu da həm mal göndərənlər, həm də, ilk
növbədə, alıcılar üçün rahat deyil. Beləliklə iş elə gətirib ki,
Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi
daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat
ölkəsidir.
Bizim Avropa İttifaqının “Qlobal Qapılar” adlanan layihəsi
haqqında məlumatımız var. Bu layihə Avropanı Mərkəzi Asiya ilə
birləşdirəcək və əlbəttə ki, Azərbaycan burada önəmli rol oynayır.
Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza – dəniz
limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara
sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir
şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür
ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına
gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı da
Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil
edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları
açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq
əməkdaşlıqda iştirak edəcək. Onlar artıq faydaları görürlər, çünki
Ermənistanla sülhə nail olduqdan sonra Azərbaycan yüklərin
daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb və
Azərbaycanın ərazisindən Ermənistana gedən, Qazaxıstandan və
Rusiyadan gələn ilk yüklər artıq göndərilib. Bundan əlavə, biz
Ermənistana onların əldə edə biləcəyi qiymətdən çox ucuz olan mühüm
neft məhsullarını təchiz etməyə başlamışıq. Bütün bu məsələlər
bir-birinə bağlıdır – nəqliyyat əlaqələri, qonşularla yaxşı
münasibətlər, sülh, yəqinlik və qarşılıqlı maraq.
Moderator: Təşəkkür edirəm, cənab
Prezident.
İndi isə söz auditoriyanındır. Sizdən cənab Prezidentə
ilk sualı kim vermək istəyir? Əllərinizi qaldırmısınız? Əminəm ki,
çoxlu suallar var. Utanmayın. Pedro, sizin sualınız
varmı?
Pedro Varqas: Cənab Prezident, Azərbaycana səfər edəndə
məni həmişə təsirləndirən məsələlərdən biri daşınmaz əmlakdır, orta
seqmentə aid olan insanlardır. İnsanların həyatının daha da yaxşı
olduğunu görürük, alıcılıq qabiliyyətinin daha da artdığını
görürük. Ümumi götürsək, bu tendensiyanın gələcəkdə necə olacağını
görürsünüz və daşınmaz əmlak, nəqliyyat kimi sektorlara, xarici
sərmayəyə nə qədər açıqsınız? Bu, orta seqment üçün bir fürsətdir
və hesab edirəm ki, gələcək illərdə bu sahədə bir sıçrayış
yaşanacaq. Bir çox investor və burada iştirak edən şəxslər bu
sektorda xaricilərin iştirakı barədə Sizin mövqeyinizi bilmək
istərdilər.
Prezident İlham Əliyev: İnvestisiya və
islahatlar siyasətimizə uyğun olaraq, biz işsizlik və yoxsulluq
səviyyələrinə aid olan məsələyə ciddi yanaşırdıq və onların hər
ikisini beş faiz səviyyəsinə azaltmağa nail olduq. Beləliklə, orta
seqment hesab olunanların sayı artır və biz Azərbaycanda artan
alıcılıq qabiliyyətini görürük.
Bu gün Bakıda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata
keçirilir. Onlardan biri “Ağ Şəhər”dir. Bu, şəhərin içində olan bir
şəhərdir. Gələcək bir neçə ildə burada təxminən 50 min insan
məskunlaşacaq. Digəri isə həm də turizm məkanı olan “Sea Breeze”
adlanır. Bu layihənin tərkibinə əyləncə xarakterli obyektlər,
hotellər və yaşayış binaları daxildir. Layihə hazırda 6 kilometrdən
çox sahə boyunca uzanır və hətta daha da böyüyəcək. Digər tikinti
layihələrini nəzərə almadan, sadəcə, bu iki layihədə satış
göstəriciləri onu nümayiş etdirir ki, böyük tələbat var. Mənzil və
evləri alanların 70 faizindən çoxu yerlilərdir. Bu, iqtisadi
islahatlara və iqtisadi inkişafa görə insanların alıcılıq
qabiliyyətinin artdığını göstərir. Eyni zamanda, bu nisbət onu da
göstərir ki, Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub.
Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək
yerlərin axtarışındadırlar. Bu nöqteyi-nəzərdən, – bunu həm də
Pedro qeyd etmişdir, – multikulturalizm, mədəni və etnik
müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət
ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi
dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu
ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini,
tətilini gəlib burada – dəniz sahilində keçirmək, həmçinin
investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində
investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat
qiymətə sata bilərsiniz.
Bu, faktiki olaraq iqtisadi fəaliyyətin ən yaxşı göstəricisidir.
Təəssüf ki, Azərbaycanda neft ehtiyatlarının təbii azalması
səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin qeyd
etdiyiniz kimi, qeyri-neft sektoru 2 faizdən çox artıb və
neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb.
Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir.
Enerji sektoruna gəlincə, biz qaz hasilatını artırırıq, neft
hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta
artırmaqla bağlı planlarımız var. Ola bilsin ki, indi bu barədə
danışmaq tezdir. Ancaq əgər beynəlxalq enerji şirkətləri tərəfindən
həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə,
Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox
haqlı ümidlərimiz var. Biz məhz buna ümid edirik.
Moderator: Çox sağ olun. Başqa sual var?
Cenni Conson: Cənab Prezident, Sizə bir qədər əyləncəli
sualım var. Bildiyimə görə, Siz xizək sürürsünüz. Azərbaycanda
xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir
qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı
keçirəcəksiniz. Bir qədər bu barədə danışa
bilərsinizmi?
Prezident İlham Əliyev: Bəli. Mənim xizəkçi
olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni
həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən
zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən
söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək.
Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu
tədbir artıq təqvimə salınıb. Beləliklə, hər il bizdə azı bir
tədbir – ya Dünya çempionatı, ya da Avropa çempionatı keçiriləcək.
Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin
sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula
1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra
artım 20 faiz oldu. Bu rəqəm COVID-dən əvvəl davamlı olaraq
artırdı. COVID hər şeyi məhv etdi. İndi yenidən artır. Bu, ölkənin
təqdimatı idi, çünki bu, şəhər halqası idi. Necə deyərlər, şəhər
ətrafında idi, tarixi hissələr, müasir hissələr.
İndi Şahdağda Dünya çempionatı Azərbaycanın qış təqdimatı
olacaq. Yeni hotellərin, yeni obyektlərin tikilməsini nəzərə alsaq,
ümidvaram ki, bir çox insan xizək sürmək üçün bu məkanı seçəcək. Bu
gün yamacların uzunluğu artıq 45 kilometrdir, iki-üç ilə 55
kilometr olacaq. Sözsüz ki, İsveçrə ilə müqayisə oluna bilməz.
Lakin bizim regionumuzda ən böyük və ən rahat xizək kurortlarından
biri olacaq. Bildiyimiz kimi, biz xizəkçilər üçün ən mürəkkəb hissə
ondan ibarətdir ki, avtobusa minirsən, stansiyaya çatırsan,
kabinəyə daxil olursan, 15 dəqiqə gözləyirsən ki, səni yamaca
aparsın. Siz Şahdağda birbaşa hoteldən xizəklə düşə bilərsiniz. Siz
minimum 30 dəqiqəyə qənaət edirsiniz və bu, sizi daha çox
sevindirir. Bunu xatırlatdığınıza görə təşəkkür edirəm. Mənə bu
barədə auditoriyanı məlumatlandırmaq imkanı verdi. Bir daha Şahdağa
xoş gəlmisiniz!
Cenni Conson: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Yeri gəlmişkən, biz
razılaşdıq ki, birlikdə xizək sürək.
Moderator: Söz verilir ön sırada əyləşən
cənaba. Salam.
Demian Potter: Salam, mən “H/Advisors”dan Demian
Potterəm. Cenni, sualına görə təşəkkür edirəm. Gələcək planlarla
bağlı məni qabaqladın. Keçmişə nəzər salsaq, Siz Avroviziya mahnı
müsabiqəsinə uğurla ev sahibliyi edə bildiniz, həmçinin COP29-a
uğurla ev sahibliyi etdiniz. İndi iki mühüm idman tədbiriniz var –
xizəksürmə və Formula 1. Artıq ev sahibliyi etdiyiniz tədbirlərdən
hansı dərsi çıxardınız və gələcəkdə başqa hansı tədbirlərə ev
sahibliyi etmək arzusundasınız?
Prezident İlham Əliyev: İlk dərs o oldu ki,
müxtəlif dairələrin bu tədbirlərə qarşı çıxmasına baxmayaraq, siz
ölkə üçün doğru olanı etməlisiniz. İstər Avroviziya, istər COP-la
bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi
günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən
ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki,
Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal
edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki,
neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə
günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz,
onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı
qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri
bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu
macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum. Çünki
həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi
o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı. Buna
baxmayaraq, biz yaxşı tədbir keçirmək əzmində idik və bu,
təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından
həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi
mümkün olmayana nail olduq. Karbon bazarının fəaliyyəti ilə bağlı
razılığa gəldik, İtki və Zərər Fondu fəaliyyətə başladı, həmçinin
iştirakçı sayı boykotu təbliğ edənlərə yaxşı cavab oldu.
Ermənistandan başqa, bütün ölkələr iştirak etdi. 70 dövlət və
hökumət başçısı iştirak etdi. Beləliklə, boykot taktikası
uğursuzluğa düçar oldu. Bu, dərs oldu ki, əgər nəyinsə doğru
olduğunu düşünürsünüzsə, buna əminsinizsə, bütün müqavimətə,
etiraza, bəzən bütün düşmənçiliklərə baxmayaraq bunu etməlisiniz.
Bundan əlavə, bu, bizə öz mövqeyimizi təqdim etməyə imkan verdi.
Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim
kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim
məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə
sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə
yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi,
regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik.
Çirklənmə, karbon emissiyaları – bütün bunları biz gözlərimizlə
görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu
hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr
bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə
yanaşılmalıdır.
Ev sahibliyi etdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlər haqqında
danışarkən birini də qeyd etmək istərdim. Ötən il ilk dəfə Bakıda,
aparıcı idmançıların iştirakı ilə UFC turniri keçirildi. Bu tədbir
də bütün əsas televiziya kanalları vasitəsilə yayımlandı. Ümid
edirəm ki, UFC turnirinə ev sahibliyi etmək də bir ənənəyə
çevriləcək. ABŞ-dan başqa bu turnirə ev sahibliyi edən ölkələrin
sayı o qədər də çox deyil və bu turnir vasitəsilə Azərbaycanın
dünya xəritəsində yer alması bir daha ölkəmizin imkanlarını,
beynəlxalq idman və əyləncə gündəliyinə inteqrasiya olunmağımızı
nümayiş etdirir.
Moderator: Təşəkkür edirəm. Metyu Armstronq,
Amerikanın qlobal enerji texnologiyaları şirkəti “Baker Hughes”in
dövlət qurumları ilə əlaqələr şöbəsinin rəhbəri.
Metyu Armstronq: Cənab Prezident, Siz COP29
haqqında danışdınız, mən də şirkətimiz adından həmin tədbirdə
iştirak etmək şərəfinə nail oldum. Mən COP29-dan əvvəlki və sonrakı
tədbirlərdə iştirak etmişəm və Sizin də qeyd etdiyiniz kimi, onlara
neft hasil edən ölkələr ev sahibliyi edib. Sizi əmin edə bilərəm
ki, Azərbaycanda keçirilən tədbir fantastik və təsirli oldu. Sizin
tənqidlərə açıq və məsuliyyətli cavablarınızı təqdir edirəm. Biz
buna bənzər təkamül prosesini keçmişik, – molekullar
əhəmiyyətlidir, elektronların vacibliyi artmaqdadır, – ancaq
ölkəniz hər ikisini istehsal edir və bununla da firavanlıq
gətirir.
Avropa ilə qarşılıqlı bağlantı getdikcə əhəmiyyətini artırır.
Faydalı qazıntı enerji növləri ilə bağlı bəzi tənqidlərə
baxmayaraq, Siz Avropaya qaz ixracını iki dəfə artırmısınız,
nəqliyyat və çatdırılma dəhlizlərini genişləndirirsiniz. Sualım
belədir: Xəzər dənizi hövzəsində neft və qaz layihələrinə birbaşa
Avropa sərmayələrinin qoyuluşunu necə görürsünüz? Sizin praqmatik
yanaşmanızın açıq bazarlarda və kapitalın formalaşmasında öz əksini
tapmasını görürsünüzmü? Biz Sizin nikbinliyinizi paylaşırıq və
hesab edirik ki, Xəzərdə SOCAR və digər şirkətlər tərəfindən hasil
ediləcək kifayət qədər neft və qaz ehtiyatları var. Siz Avropadan
belə sərmayələrin qoyuluşunu gözləyirsiniz, yoxsa bu sahədə hələ
görüləcək işlər var?
Prezident İlham Əliyev: Təəssüflər olsun ki, nə
faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə biz
Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük. Bərpaolunan
enerji sahəsində bizim əsas tərəfdaşlarımız BƏƏ, Səudiyyə
Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandan olan
şirkətlərdir. Sərmayədar olmağa maraq göstərən Avropa şirkəti
yoxdur.
Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ və
Britaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və AMOCO
şirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkəti
hesab olunur. Yəni çox az Avropa şirkəti var – biri Fransa
şirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropa
şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq görmürük.
Halbuki bu haqda artıq danışdım, Avropa bizim təbii qazımız üçün
əsas istiqamətdir.
Keçən il biz 25 milyard kubmetrdən artıq təbii qaz ixrac
etmişik. Bu həcmin təqribən 13 milyard kubmetri Avropaya ixrac
edilib və bu rəqəm artacaq. Bu, Avropa İttifaqının xahişi əsasında
edilib. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa
İttifaqı Komissiyasının Prezidenti Bakıya səfər etdi və biz enerji
sektorunda strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Biz
Avropaya qaz təchizatının həcminin iki dəfə – ovaxtkı 8 milyard
kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığımızı
bildirdik.
Beləliklə, 3 ildən artıq bir dövrdə biz bu rəqəmi təxminən 13
milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır. Birincisi, bizim
ixtiyarımızdakı mövcud və yeni qaz yataqlarından əldə ediləcək
həcmlər olacaq və bununla bağlı razılaşma əldə edilib. Digər
tərəfdən, bərpaolunan enerjinin istehsalı bizə böyük qaz həcmlərinə
qənaət etməyə imkan verəcək. Yəni 8 giqavat həcmində bərpaolunan
enerji bizə 3-4 milyard kubmetr qaza qənaət etmək imkanı verəcəkdir
ki, həmin qaz da Avropaya nəql edilə bilər.
Budur hazırkı vəziyyət. Hesab edirəm ki, bu gün Azərbaycana
faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və
məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa şirkətlərinin
marağındadır. Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə
bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp
tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri
ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib.
Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq
xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş
tutacaqdır.
Bərpaolunan enerji mövzusu orada öz əksini tapmayıb, – bunun nə
ilə bağlı olduğunu anlayırıq, – ancaq məlumat mərkəzləri, süni
intellekt, bağlantı, enerji və bir sıra digər sahələr həmin
xartiyaya daxildir. Biz avqust ayının 8-dən etibarən Vaşinqtona və
digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların
hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ
ilə yeni mərhələyə qədəm qoyuruq – siyasi, iqtisadi, enerji və
hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş
Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar
yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu
məsələdə geri qalmayacaqlar.
Moderator: Cənab Prezident, bizim 3 dəqiqəmiz
var və ilk sırada əyləşən cənabın sualı var, sonuncu çox qısa
sual.
Uilyam Lin: Cənab Prezident, burada olmaqdan
şərəf duyuram. Mən Londonda bp-də çalışıram. Mən sual deyil, qısa
şərh vermək istərdim. Cənab Prezident enerji sektoru ilə bağlı çox
təfərrüatlı danışdı və burada əlavə etməli bir məsələ qalmadı. Mən,
sadəcə, demək istərdim ki, bp şirkəti, yəni əvvəlki AMOCO şirkəti
olaraq biz Sizin rəhbərliyinizlə möhtəşəm tərəfdaşlığın bir parçası
olmuşuq. Cənab Prezident, Siz əsl tərəfdaşlıq üçün sərmayədarlara
çox münbit şərait yaratmısınız. Siz artıq neft və qaz sahəsində
Avropa istiqamətində birgə həyata keçirdiyimiz çoxsaylı böyük
enerji və infrastruktur layihələri haqqında danışdınız. Bildiyiniz
kimi, biz də öz növbəmizdə bərpaolunan enerjiyə sərmayə yatırırıq.
Bunlardan biri də yeni ərazilərdə yaradılan Günəş enerjisi
layihəsidir və biz hesab edirik ki, bu sahədə daha böyük imkanlar
var. Bu, təkcə Azərbaycanın və ətraf mühitin mühafizəsi baxımından
vacib deyil. Bu, həm də karbonsuzlaşdırma mənasında bp-nin özünə
lazımdır, çünki bizim də belə bir öhdəliyimiz var.
Burada qeyd olunmayan iki məsələni də əlavə etmək istərdim.
Bizim Azərbaycan və SOCAR ilə əməkdaşlığımız ölkə hüdudlarını aşır.
Biz SOCAR ilə beynəlxalq səviyyədə əməkdaşlıq etmək arzusundayıq və
bununla bağlı SOCAR-ın rəhbərliyə ilə olduqca uğurlu müzakirələr
aparırıq. Digər məsələ texniki imkanlar və bacarıqla bağlıdır.
Azərbaycanda çox böyük istedadlar var və biz bundan bp daxilində də
faydalanırıq. Biz də həmin istedadları yetişdirərək dünyaya təqdim
edirik. Bizim bir sıra çox yüksəksəviyyəli nümayəndələrimiz
azərbaycanlılardır. Onlar böyük hazırlığa malikdirlər, bp daxilində
beynəlxalq karyera qura biliblər, ölkəni, bp-ni və bizi qlobal
səviyyədə dünyada güclü şəkildə təmsil edirlər. Əlavə etmək
istədiyim bu qədərdir.
Moderator: Xoş sözlərə görə təşəkkür edirəm.
Təəssüflər olsun ki, cənab Prezidentin bu gün çox gərgin qrafiki
var, ancaq bu səhər bizimlə bir yerdə olduğuna görə gəlin, onu
alqışlayaq.

