ARDNF-nin GIP-lə strateji əməkdaşlıq niyyətini rəsmiləşdirməsi bizə nə qazandırır? – ŞƏRH

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosda
aktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən
olan “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure
Partners” (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini
rəsmiləşdirib. Əməkdaşlıq qlobal infrastruktur fondlarına çıxışla
yanaşı, Azərbaycanda və Azərbaycanla əlaqəli infrastruktur
layihələrinə investisiya imkanlarını nəzərdə tutur.

Azərbaycanla əlaqəli infrastruktur aktivlərinə investisiya
imkanlarının nəzərdən keçirilməsi hansı yeni perspektivləri açmağa
imkan yaradacaq?

Mövzuyla bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli
bildirib ki, “BlackRock” şirkəti dünyanın ən böyük aktivləri idarə
edən şirkətidir. Aktiv portfelinin həcminə və investisiya
imkanlarına görə dünyanın bir nömrəli fondudur. GIP (Global
Infrastructure Partners) isə bu şirkətin infrastruktur üzrə
tərəfdaşıdır.

“ARDNF özü də aktivləri idarə edir. “BlackRock” isə
investorlardan vəsait cəlb edərək həmin pulları müxtəlif aktivlərə
yatırır. Dövlət Neft Fondu isə ölkənin neft və qaz gəlirlərini
investisiya edir.

İndi bu iki şirkət arasında uzunmüddətli strateji əməkdaşlıq
istiqamətində niyyət memorandumu imzalanıb. Niyyət memorandumunun
mahiyyəti ondan ibarətdir ki, bu tərəflər üçün hüquqi öhdəlik
yaratmır, ilkin razılaşmadır və əməkdaşlığın ümumi konturlarını
müəyyənləşdirmək məqsədi daşıyır”.

Ekspert qeyd edir ki, burada iki əsas aspekt diqqəti cəlb edir.
Birincisi, bu addımla ARDNF dünyanın ən böyük aktiv idarəetmə
şirkəti ilə əməkdaşlığa başlayır. Sözügedən əməkdaşlıq isə imkan
yaradır ki, ARDNF həmin şirkətin layihələrində iştirak etsin.




“Xüsusilə GIP-in həyata keçirdiyi qlobal infrastruktur
layihələrinə neft fondumuzun da investisiya qoyması mümkün ola
bilər. Yəni “BlackRock”-un GIP törəmə şirkəti vasitəsilə
investisiya etdiyi layihələrdə ARDNF da pay almaq istəyir. Görünür,
fond öz portfelinin bir hissəsini bu cür infrastruktur layihələrinə
yönəltməyə qərar verib və bu, düzgün qərardır”.

Ekspertin fikrincə, faiz dərəcələrinin necə olacağı,
gəlirliliyin hansı səviyyədə formalaşacağı və investisiyaların
sonradan necə qiymətləndiriləcəyi ayrıca məsələdir.

“Amma investisiya portfelində infrastruktur layihələrinin olması
strateji baxımdan düzgün yanaşmadır. Bu istiqamətdə ARDNF
əməkdaşlığa başlayır.

İkinci məqam isə bu investisiyaların Azərbaycana cəlb olunması
məsələsidir. Bu da olduqca maraqlı və vacib məsələdir. Süni
intellekt, rəqəmsal məlumat bazalarının yaradılması və bu sahələr
üzrə layihələrə investisiya qoyuluşuna ehtiyac var”.

Xalid Kərimli vurğulayıb ki, hər iki istiqamət ölkəmiz üçün çox
vacibdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir