
Dünyada 210–250 şirkət arasında təqdim edilən beynəlxalq
mükafata SOCAR üçüncü dəfə layiq görülüb, lakin ilk dəfədir ki,
Azərbaycan və Orta Asiya regionundan “SOCAR Karbamid” zavodu bu
mükafatı qazanır.
Trend-in
məlumatına görə bu sözləri SOCAR-ın rəqəmsallaşma üzrə baş
inzibatçısı Murad Abdullayev Davos İqtisadi Forumunda jurnalistlərə
açıqlamasında bildirib. “SOCAR Karbamid” zavodunun Dünya İqtisadi
Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse
Network) üzv qəbul edilməsi, eləcə də Forumun “Rəqəmsal mayak”
(Digital Lighthouse Award) mükafatına layiq görülməsinə münasibət
bildirən Murad Abdullayev qeyd edib ki, bu nailiyyət SOCAR-da
həyata keçirilən sistematik rəqəmsal transformasiyanın düzgün
istiqamətdə aparıldığını göstərir.
“Şirkət rəqəmsal transformasiyanı yalnız texnologiyanın tətbiqi
və ya konkret layihələrin icrası məqsədilə deyil, strateji
hədəflərə – səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid və
əməkdaşların yeni texnologiyalardan istifadəsinin
təkmilləşdirilməsinə uyğun həyata keçirir. SOCAR-dakı bu
transformasiyalar ölkəmiz üçün də böyük əhəmiyyət kəsb edir.
SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı onu da bildirib ki,
lokal bacarıqların artırılması və digər şirkətlər üçün nümunəvi
layihələrin reallaşdırılması ölkədə rəqəmsal inkişafın öncül
nümunəsi kimi qiymətləndirilə bilər.

