
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na
əsasən, AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMC
tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
Bu barədə Trend-ə MMC-dən məlumat verilib.
Bildirilib ki, fəaliyyətin davamı olaraq Ağdam rayonunun şəhər
mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər
rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət
göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin
edilib və sözügedən rayonlarda müasir avadanlıqlar
quraşdırılıb.
Nəticə etibarilə Ağdam rayonu ərazisində internet də daxil
olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev
təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev
təsərrüfatı və 22 biznes subyektini əhatə edib.
Beləliklə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)
texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes
subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet +
telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet +
telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim
edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170”
Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdam
şöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə
(ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı vasitəsilə
müraciət edə bilərlər.

