
Bakı. Trend:
Ənənəvi olaraq neft və qaz hasilatı ilə assosasiyası olunan
Azərbaycan iqtisadiyyatını şaxələndirmək və ölkəni regional “yaşıl”
enerji habına çevirmək potensialına malik bərpa olunan enerji
infrastrukturu yaratmaq istiqamətində strateji bir addım atır.
Ölkə artıq xarici şirkətlərin iştirakı ilə iki iri bərpa olunan
enerji layihəsini reallaşdırıb. 8 yanvar 2026-cı ildə Səudiyyə
Ərəbistanı şirkəti “ACWA Power” tərəfindən inşa edilən və 240 MVt
quraşdırılmış gücə malik “Xızı–Abşeron” külək elektrik stansiyası
rəsmi olaraq istifadəyə verilib. Onun illik elektrik enerjisi
istehsalı 1 milyard kVt·saat səviyyəsində proqnozlaşdırılır ki, bu
da 220 milyon kubmetr təbii qazın qənaətinə və 400 mindən tondan
çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək. BƏƏ-nin
Masdar şirkəti ilə birgə həyata keçirilən və 26 oktyabr 2023-cü
ildə istifadəyə verilmiş 230 MVt gücə malik “Qaradağ” günəş
elektrik stansiyası isə ildə təxminən 500 milyon kVt·saat elektrik
enerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr təbii qazın
qənaətinə və 200 min ton CO₂ emissiyasının qarşısının alınmasına
bərabərdir.
Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirində
çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerji
sahəsində ambisiyalı planlarını qeyd edib.
“Növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal
gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. Başqa sözlə, 2032-ci ilə
qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi
gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük
imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr
bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük.
İlk yer artıq müəyyən edilib”,- deyə Prezident İlham Əliyev
bildirib.
Sənayenin inkişaf proqnozlarına görə, bərpa olunan enerji
mənbələrinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ilədək
25%-ə, 2030-cu ilədək isə 30%-ə çatacaq. Proqramın birinci
mərhələsi, 2027-ci ilin sonuna qədər, prioritet daxili istehlaka
verilməklə təxminən 2 QVt gücün istifadəyə verilməsini nəzərdə
tutur . Növbəti illərdə isə 6 QVt-dan çox gücün əlavə olunması
planlaşdırılır və bunun əsas məqsədi isə elektrik enerjisinin
ixracı və data mərkəzlərinin enerji təchizatıdır ki, bu da Avropa
və beynəlxalq investorlar üçün əlverişlidir.
Ən iri layihələr arasında aşağıdakılar yer alır:
• Cəbrayıl rayonunda BP ilə birgə həyata keçirilən “Şəfəq” günəş
elektrik stansiyası (240 MVt). Burada “virtual enerji ötürülməsi”
modeli tətbiq olunur: elektrik enerjisi Bakıya yönləndirilir, yerli
istehsal isə illik 260–330 min ton CO₂ emissiyasının azaldılmasına
imkan verir. Layihəyə ümumi investisiya 200 milyon ABŞ dolları
təşkil edir.
• Masdar şirkətinin “Mega” layihəsi: Biləsuvar Günəş Elektrik
Stansiyası (445 MVt), Neftçala Günəş Elektrik Stansiyası (315 MVt)
və Abşeron ilə Qaradağda 240 MVt-lıq külək stansiyası. Biləsuvar
Günəş Elektrik Stansiyasında 943 mindən çox günəş paneli
quraşdırılması planlaşdırılır və illik istehsal ölkənin elektrik
enerjisinə olan tələbatının 4–5%-ni ödəyəcək.
• “Universal International Holdings Limited” (Çin) tərəfindən
həyata keçirilən “Qobustan” Günəş Elektrik Stansiyası 100 MVt,
illik istehsalı təxminən 260 milyon kVt·saat təşkil edir, bu isə 57
milyon kubmetr qazın qənaətinə və CO₂ emissiyasının 124 min tona
qədər ixtisarına imkan verir.
• Cəbrayıl rayonunda “Nobel Energy” ilə birgə həyata keçirilən
hər biri 50 MVt-lıq “Üfüq” və “Şəms” stansiyaları illik 206 milyon
kVt·saat elektrik enerjisi istehsal edəcək və 44 milyon kubmetr
qazın qənaətini təmin edəcək.
Bu layihələr xarici investisiyaların artıq bərpaolunan enerji
mənbələrinin inkişafına aktiv şəkildə cəlb olunduğunu göstərir.
Prezident İlham Əliyev qeyd edib: “Hesab edirəm ki, bu gün
Azərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni
intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa
şirkətlərinin marağındadır”.
İzafi güclər Azərbaycani xüsusilə investorlar üçün , o cümlədən
məlumat mərkəzləri və rəqəmsal infrastrukturla maraqlananlar üçün
cəlbedici edir.
Bərpa olunan enerji sahəsinin inkişafı beynəlxalq “yaşıl” enerji
dəhlizlərinin formalaşması ilə sıx bağlıdır: Xəzər dənizi – Qara
dəniz – Avropa, Mərkəzi Asiya – Azərbaycan, Azərbaycan – Türkiyə –
Avropa və Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan. Bu
marşrutlar ölkənin “təmiz” enerji üzrə tranzit və ixrac habı kimi
rolunu gücləndirir, regional inteqrasiya imkanlarını açır və
Avropanın neft-qaz asılılığını azaltmağa xidmət edir.
İqtisadi səmərəlilik baxımından, bərpaolunan enerji layihələri
qarşılıqlı faydalı “win-win” vəziyyəti yaradır: Azərbaycan
iqtisadiyyatın şaxələndirilməsini, texnoloji və investisiya
axınlarını əldə edir, beynəlxalq investorlar isə stabil, ucuz və
təmiz enerjiyə, yüksək ixrac potensialına çıxış əldə edir. Aİ-nin
iqlim hədəfləri və qlobal yaşıl enerji tələbi fonunda, Cənubi
Qafqaz, Azərbaycanın mərkəzi rolunu oynadığı bölgə kimi, tədricən
əsas regional qovşağa çevrilir.
Azərbaycan strateji baxış və ölkəni bərpa olunan enerji üzrə
regional liderə çevirməyə hazır olduğunu nümayiş etdirir. 2032-ci
ilə dair genişmiqyaslı planlar, xarici investorların iştirakı,
beynəlxalq dəhlizlərin inkişafı və ixrac prioritetləri ilə ölkə
bölgə və Avropa üçün dayanıqlı iqtisadi artım və dayanıqlı enerji
təhlükəsizliyi üçün platforma yaradır.

