
Bakı. Trend:
ABŞ ümumilikdə 18 trilyon dollarlıq rekord investisiya
öhdəlikləri əldə edib.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi
Forumundakı çıxışında bildirib.
“Bayden administrasiyasının ölkəmizə 1 trilyon dollardan az yeni
investisiya cəlb etdiyi dörd ildən sonra rekord həddə – 18 trilyon
dollarlıq öhdəliklər əldə etdik və yekun hesablama aparıldıqda
ümumi məbləğin 20 trilyon dollara yaxın olacağını gözləyirik.
Tarixdə heç bir ölkə buna nail olmayıb, hətta ona yaxınlaşmayıb”, –
Tramp bildirib.
Prezident qeyd edib ki, ABŞ iqtisadiyyatı hazırda sürətli artım
yaşayır: məhsuldarlıq artır, investisiya və ev təsərrüfatlarının
gəlirləri artır, inflyasiya aradan qaldırılıb, əvvəllər açıq və
təhlükəli olan sərhədlər indi faktiki olaraq keçilməz hala gəlib və
ölkə tarixində ən sürətli və ən dramatik iqtisadi dönüş
yaşayır.
“Bayden administrasiyası dövründə Amerika staqflyasiya kabusu
ilə üzləşirdi – aşağı artım və yüksək inflyasiya, yoxsulluq,
uğursuzluq və tənəzzül üçün resept. Lakin indi iqtisadi siyasətimin
həyata keçirilməsindən cəmi bir il sonra, tam əksini görürük:
sıfıra yaxın inflyasiya və fövqəladə iqtisadi artım – inanıram ki,
ölkəmiz və bəlkə də dünyanın heç bir ölkəsi buna bənzərini
görməyib”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, son üç ayda əsas inflyasiya cəmi 1,6% təşkil
edib.
“Bu arada, dördüncü rübdə iqtisadi artım 5,4% səviyyəsində
proqnozlaşdırılır ki, bu da mənim və bir neçə məsləhətçim istisna
olmaqla, hər kəsin proqnozundan xeyli yüksəkdir”, – deyə prezident
qeyd etdi.

