
Bakı. Trend:
30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik,
bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununla
yanaşı, sovet təhsil sisteminin qalığı olan iki pilləli müdafiə
sistemini də saxlamışıq.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif
Qafarov komitənin bugünkü iclasında deyib.
“Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası
ortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və ya
dissertasiyaya hansısa istinad olunsun. Magistrın yazdığı
dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur,
bu dissertasiya nə üçün yazılır?”, – deyə o sual ünvanlayıb.
Millət vəkili bildirib ki, hazırda əsas etibarilə vaxt itkisini
xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru
hazırlığı üzrə doktoratura səviyyəsində gücləndirməyi, hazırkı
fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanı da elmlər doktoru
hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi və beləliklə
ikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəz
etməyi və bununla da elm və təhsil sistemimizi beynəlxalq təcrübəyə
uyğunlaşdırmağı təklif edir.
Deputat xatırladıb ki, elmi dərəcələrin və elmi adların
verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir:
“Bu mərhələlərin hər biri tədqiqatçının azı 4-5 və ya 6-7, bəzi
hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq
təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir
ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri
keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə
professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə
məşğul olmalı və s. Bizdə isə, elm yolunda olan mərhələlər həm
çoxdur, həm də bürokratik proses çox ağırdır. Bəzən bu prosesə
insan ömrü belə bəs eləmir.
Elmi irəliləyişin bu mərhələləri adlamaqla deyil, alimin
fəaliyyət göstəriciləri əsasında qiymətləndirilməsi daha uyğun
olardı, çünki müasir beynəlxalq elmi mühitdə akademik nüfuz formal
tituldan daha çox real elmi nəticələrlə ölçülür”.
V.Qafarovun fikrincə, hazırkı sistemin mərhələli, uzunmüddətli,
bürokratik və səmərəsiz olması gənc tədqiqatçıların akademik
karyera qurmasına mane olur və elmin inkişaf tempini zəiflədir.
“Daha müasir yanaşma kimi beynəlxalq standartlara uyğun vahid
doktorluq müdafiə mexanizminin tətbiqi, müdafiə prosesində xarici
ekspertlərin iştirakının təmin edilməsi və elmi fəaliyyətin
qiymətləndirilməsində əsas meyar kimi nəşrlər, sitat indeksləri və
tədqiqat layihələrinin nəticələrinin götürülməsini təklif
edirəm.
Bununla paralel olaraq, hesab edirəm ki, elm və ali təhsil
müəssisələrində akademik azadlıqların gücləndirilməsi, genclərin
elmə gəlişinin təşviq edilməsi üçün stimullaşdırıcı addımların
atılması, universitetlərdə müasir çağırışlara cavab verən yeni
tədris proqramlarının formalaşdırılması, elmi dərəcələrin verilməsi
və kadr siyasəti sahəsində təhsil sisteminin çevikliyini və
keyfiyyətini artıracaq addımların atılması vacibdir”.

