
Bakı. Trend:
“Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin
“Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir
beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, formalaşdırdığı
strateji xətti və regional liderliyini aydın şəkildə ortaya qoyur.
Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqləyir
ki, Azərbaycan qlobal çağırışların artdığı, beynəlxalq hüquq
normalarının selektiv şəkildə tətbiq olunduğu mürəkkəb dövrdə belə
prinsipial və praqmatik siyasət yürütməyi bacaran bir
dövlətdir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq mühitdə hüquqi
mexanizmlərin hamı üçün eyni dərəcədə işləməməsi Prezident İlham
Əliyevin artıq çoxdan proqnozlaşdırdığı bir reallıqdır:
“Məhz bu şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, lakin
beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğun siyasəti
xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin nümayiş
etdirdiyi yanaşma göstərir ki, Azərbaycan emosiyalara deyil,
nəticəyönümlü və rasional qərarlara əsaslanan strateji xətt
formalaşdırıb. Bu xətt ölkəmizə öz haqlı mövqeyini beynəlxalq
müstəvidə müdafiə etməyə və real nəticələr əldə etməyə imkan verib.
Müsahibədə səsləndirilən digər mühüm məqam Prezident İlham Əliyevin
“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə
bağlıdır.
Prezident İlham Əliyev bu mükafatı təkcə şəxsi uğur kimi deyil,
Azərbaycanın uzun illər davam edən münaqişədən sonra Cənubi
Qafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətində
atdığı addımlara verilən beynəlxalq qiymət kimi dəyərləndirir. Bu
yanaşma Azərbaycanın liderliyinin humanizm, dialoq və qarşılıqlı
hörmət prinsiplərinə söykəndiyini nümayiş etdirir və ölkəmizin sülh
gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
Prezident İlham Əliyev öz müsahibəsində təhlükəsizlik məsələləri
ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir.
Prezident İlham Əliyev Azərbaycanın daxilində sabitliyin möhkəm
təməllər üzərində qurulduğunu, potensial risklərin isə əsasən
xarici mənbələrdən qaynaqlandığını açıq şəkildə ifadə edir. Bu,
dövlət idarəçiliyinin səmərəliliyinin, cəmiyyətlə hakimiyyət
arasında mövcud olan etimadın və güclü dövlət institutlarının
mövcudluğunun nəticəsidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın
regional prosesləri diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşı
preventiv siyasət yürütmək əzmində olduğunu göstərir. Enerji
məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın Cənubi
Qafqazda formalaşdırdığı strateji üstünlüyü bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün
regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur.
Azərbaycanın enerji resursları təkcə iqtisadi deyil, həm də siyasi
sabitliyin mühüm faktoruna çevrilib” .

