Orta Dəhliz boyunca yük maşınları üçün təhlükəsiz parklanma məntəqələrinin inkişafı müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

Avropa Təhlükəsiz Parklanma Təşkilatının (ESPORG) baş direktoru
Dirk Penasse və icraçı katib Roksana İlie Qara dəniz İqtisadi
Əməkdaşlıq regionunun Avtonəqliyyat Assosiasiyaları İttifaqının
(BSEC-URTA) baş katibi Mehmet Uylukçu və onun müavini Alpdoğan
Kahraman ilə Orta Dəhliz boyunca yük avtomobilləri üçün təhlükəsiz
parklanma məntəqələrinin inkişafını müzakirə ediblər.

Trend bu barədə
BSEC-URTA-ya istinadən xəbər verir.

Məlumata görə, tərəflər yük avtomobilləri üçün təhlükəsiz,
etibarlı və yaxşı təchiz olunmuş parklanma məntəqələrinə artan
tələbatı müzakirə ediblər. Bu cür infrastruktur xarici ticarət və
beynəlxalq avtomobil daşımalarının əsas iştirakçıları, yəni peşəkar
sürücülər üçün mühüm əhəmiyyət daşıyır.




Qeyd olunur ki, görüş zamanı əsas diqqət BSEC-URTA və ESPORG
üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlərə yönəlib. Xüsusilə
yük avtomobilləri üçün parklanma məntəqələrinin beynəlxalq
avtomobil daşımalarında oynadığı əsas rol, onların sürücü
çatışmazlığının azaldılmasına müsbət təsiri, eləcə də obyektlərin
layihələndirilməsində genderlə bağlı ehtiyacların nəzərə
alınmasının vacibliyi vurğulanıb.

“Görüşün mühüm nəticələrindən biri ESPORG-un missiyasının yalnız
Avropa ilə məhdudlaşmamalı, Qara dəniz İqtisadi Əməkdaşlıq (QDİƏ)
regionunu, xüsusilə Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə
ticarət əlaqələrində getdikcə daha strateji rol oynayan Orta Dəhliz
marşrutu boyunca əhatə etməli olduğu barədə ümumi mövqenin
formalaşması olub. Bu kontekstdə nəqliyyat dəhlizləri boyunca
təhlükəsiz və sertifikatlaşdırılmış yük avtomobili parklanma
məntəqələrinin yaradılmasının seçim deyil, zərurət olduğu
vurğulanıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu – TITR) Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və
ticarət yoludur və ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ
kimi çıxış edir. Marşrut Çindən başlayır, Mərkəzi Asiya
ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçir, Xəzər
dənizi üzərindən Azərbaycanı keçməklə davam edir, daha sonra
Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır. Bu quru marşrutu
daha uzun dəniz yollarından yan keçməyə imkan verir və Şərqi
Asiyanı, o cümlədən Çini, Avropa ilə birbaşa əlaqələndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir