
Bakı. Trend:
Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə
yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur. Bu
risklərdən biri də təhlükəli kompüter oyunlarıdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü
Vüqar İskəndərov komitənin bugünkü iclasında deyib.
Millət vəkili bildirib ki, bu məsələ zahirən sakit görünsə də,
əslində olduqca təhlükəlidir:
“Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə
formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt
keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan
edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə
əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur,
xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə
birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla
açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli
davranış modelləri mövcuddur”.
Deputat xatırladıb ki, bəzi ölkələrdə bu oyunlar cinsi istismar
və psixoloji zorakılıq halları ilə əlaqələndirilərək qadağan
edilib:
“Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər
arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da
təsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq və
yeniyetməlik dövründə formalaşır.
Biz psixoloq deyilik, lakin parlament üzvləri olaraq gələcək
qanunvericilik təşəbbüslərində və ictimai rəyin
formalaşdırılmasında mühüm rol oynayırıq. Hesab edirəm ki, zərərli
vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə
məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu
çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin
çox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas risk
qrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir”.

