Qeyri-neft ixracı üzrə hədəfimizə çox yaxınlaşmışıq – Vüsal Qasımlı

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda qarşıya qoyulan məqsədlərdən biri də
bundan ibarətdir ki, qeyri-neft ixracını 2021-ci illə müqayisədə
2026-cı ildə 1,2 dəfə artırmalıyıq. Bu o deməkdir ki, biz bir ildə
qeyri-neft ixracını 10-15% artırsaq, 2026-cı ildə məqsədimizə nail
olacağıq.

Trend xəbər
verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına
dair keçirilən mətbuat konfransında bildirib.

İcraçı direktoru sözlərinə görə, indiyə qədərki dinamika onu
göstərir ki, Azərbaycan bu məqsədə nail olmağa çox yaxınlaşıb:

“Yəni bu il biz qeyri-neft ixracında təxminən 10-15%-lik artıma
nail olsaq, o zaman 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft
ixracında 1,2 dəfə artım qeydə alınacaq.

Qeyri-neft ixracının strukturu ilə bağlı məsələ bizi çox
maraqlandırır. Biz çalışırıq ki, qeyri-neft ixracının stukrunda
daha çox əlavə dəyər yaradan, dəyər zəncirində daha çox dərinə
gedən məhsulların, xüsusən də xammal və yarımfabrikatdan daha çox
hazır məhsulun ixracına nail olaq. Bu nöqteyi-nəzərdən Azərbaycanın
xüsusən neft-kimya sənayesi öndə gedir. Eyni zamanda bu istiqamətdə
metallurgiya məhsullarını da qeyd etmək olar”.




V. Qasımlı vurğulayıb ki, burada söhbət təkcə əmtəənin
ixracından getmir, həm də xidmətlərin ixracından gedir:

“Məsələn, tədiyə balansına baxsaq görərik ki, bizim son illər ən
ciddi ixrac istiqamətlərimizdən biri nəqliyyat xidmətləridir. Cənab
Prezidentin rəhbərliyi ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub
dəhlizlərinin kəsişməsində, haba çevrilməsində ölkənin nəqliyyat
xidmətləri ixracı əhəmiyyətli şəkildə genişləndirilmişdir. Hətta
nəqliyyat xidmətləri ixracı Azərbaycanın əmtəə ixracı ilə müqayisə
olunan bir həddə gəlib”.

“İkinci xidmət ixracı ilə bağlı turizmi qeyd edə bilərik. Ötən
il bu sahədə müəyyən dərəcədə azalmalar olsa da, amma ümumilikdə bu
sahənin böyük bir perpektivi var. Düşünürəm ki, biz 2026-cı ildə
biz turizm xidmətlərinin ixracı sahəsində də daha böyük
nailiyyətlərə imza ata bilərik.

Eyni zamanda maliyyə, bank, sığorta və bu kimi digər xidmətlər
sahəsində ixracın genişləndirilməsi istiqamətində böyük
potensialımız var ki, biz bu potensialı da istifadə etməliyik”, –
V. Qasımlı qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir