
2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet və
moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə
nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi
İdarəsindən bildirilib.
Qeyd edilib ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatını
itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq
yaralanıb. Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat
vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır
nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.
“Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped
sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət
həddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələri
ilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin və
nəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyat
hadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucu
konstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər bir
yanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir. Xüsusilə
qeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətinin
ən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyi
hallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yol
hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi
təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə
motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti
iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet və moped
sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəli
manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə
çağırır.

