
Bakı.Trend:
22 yanvar 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan
“Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya”
ilə NDC (“New Distribution Capability”) standartına əsaslanan “FLX
Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.
Bu razılaşma AZAL-ın pərakəndə satış modelinin
modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və
xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin,
xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn
platformalar üzərindən transformasiyasına yönəlib.
“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə
xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün
tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə,
həmçinin əvvəlki distribusiya modellərinin texniki
məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək.
Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf,
turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.
“FLX Select” eyni zamanda qlobal turizm satıcıları və
aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu
isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac
olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə
şərait yaradır.
“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının
tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud
infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək
miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil
analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri
dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən
50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı
mövqeyini təsdiqləyir.

