
Bakı.Trend:
“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda
Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake”
texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama
yayılıb.
Trend xəbər
verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA)
məlumatında bildirilib.
Bildirilir ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai
rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların
fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi
daşıyır.
Qeyd edək ki, son zamanlar oxşar məzmunlu kiberdələduzluq
hallarına “Facebook” platformasında tez-tez rast gəlinir.
Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta”
şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər
görməyə çağırırıq.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya
inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər
zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat
əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma
tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa
səsləyirik.

