
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Qaraqurtlu kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Qaraqurtlu, Qaraçı, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı,
Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə şəhid Tərlan Məhərrəmovun büstü
önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini
ehtiramla yad ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
təşəkkürlərini bildiriblər. Həmçinin su və kanalizasiya xəttinin
çəkilməsi, örüş üçün torpaq sahəsinin ayrılması ilə bağlı
müraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll olunub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

