Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş
katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli
Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam
edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və
təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək
qiymətləndirilib.

Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlu
siyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezident
İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq
Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri,
aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika
gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi
kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və
öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin
Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti,
regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti
vurğulanıb.

Görüşdə daha sonra Azərbaycanın Alyansın enerji təhlükəsizliyinə
verdiyi töhfə diqqətə çatdırılaraq, bildirilib ki, ölkəmiz hazırda
NATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarük
edir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyin
ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb
edir. Spiker həmçinin Azərbaycanın Orta Dəhlizdə mühüm tranzit
rolunu vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığa mühüm
töhfə verdiyini qeyd edib.

Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə
toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz
suverenliyini bərpa edərək, bölgədə yeni reallıqlar yaratdığını
bildirib. Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış
edib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığın
irəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb.

NATO Baş katibinin müavini Radmila Şekerinska Alyansın
Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və
tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini
bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı
çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O,
Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrinin
enerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyi
mühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığın
gələcəkdə də uğurla davam edəcəyini vurğulayıb.

Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və
münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı
təbriklərini çatdırıb.

Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasında
əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq
perspektivləri nəzərdən keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir